Xəbər lenti

Ölkə 17:10 21.11.2023

Spiker: "Etibar müəllim, küsmürsünüz ki?"

"Ölkəmizdə pensiya sisteminin, pensiyaçıların vəziyyətinin müstəqil analizi üçün ətraflı hesabatlılığa ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu cür hesabatlılığın təmin edilməsi sahəsində işləri məni qane etmir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Etibar Əliyev deyib. 

"Problemləri, real mənzərəni aydın görmək üçün axtarıb tapmalı olduğumuz statistika nə üçün əlçatan deyil? Gələn il orta pensiyanın 483 manata çatacağı həvəslə vurğulanır. Amma vacib göstərici median pensiya məbləği açıqlanmır? Hansı səbəbdən pensiyaçıların pensiya məbləğinə görə  sayı açıq məlumat əlçatan olmalı deyil? Nə qədər pensiyaçı minimum pensiya alır? Nə qədər insan orta pensiya məbləğindən aşağı, nə qədəri həmin məbləğdən yüksək pensiya alır. Bu sualların cavabı yoxdur. Nəzərə alaq ki, orta pensiya məbləği bəzən "elitar pensiyaçı" adlanan kiçik qurup insanın yüksək pensiyası hesabına da yüksələn deyil. Ona görə də median göstərici mütləq açıqlanmalıdır. Azərbaycanda kiçik bir qrupun pensiyası çox yüksəkdir. Əksəriyyətinin pensiyası isə minum pensiyaya yaxın məbləğdədir. Ona görə də Azərbaycanda orta pensiya yüksək alınır. Median pensiya o deməkdir ki, pensiyaçıların yarısı bu məbləğdən aşağı, yarısı isə yuxarı alır. Həmin məbləği isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesablamalıdır", - deyə E.Əliyev bildirib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Etibar Əliyevə cavab verib: "Etibar müəllimin çıxışını kim hazırlayıb bilmirəm. Kim hazırlayıbsa, onun median haqqında məlumatı yoxdur". 

Deputat Etibar Əliyev isə yenidən söz istəyib və bildirib ki, çıxışını özü yazır: "Burada Musa Quliyev qeyri-etik bir ifadə işlətdi ki, guya mənim çıxışlarımı kimsə yazır. Bu qəbahət deyil. Ancaq bunu söyləməyin özü savadsızlıq və qərəzlilikdir. Mən tənqidi fikrimi söyləmişəm, sizin də arqumentiniz varsa, cavab verin. Hər bir deputatın məsləhətçisi, köməkçisi ola bilər. Ancaq mən çıxışlarımı özüm yazıram".

Musa Quliyev isə cavab qeyd edib: "Etibar müəllim bizim dostlarımızdan biridir. Etibar müəllimin qeyd etdiyi kimi qeyri-etik ifadə yoxdur. Özü də dedi ki, deputatın məsləhətçisi, köməkçisi ola bilər. Etibar müəllim iqtisadçı deyil. Biz də öz sahəmizə aid olmayan çıxışlarımızı Milli Məclisin müvafiq şöbələrindən ekspertlərlə məsləhətləşirik. Yenə deyirəm, Etibar bəy bizim dostlarımızdan biridir. Ümid edirəm ki, Etibar bəy bizi siyahıdan çıxarmaz”.

MM sədri Sahibə Qafarova Etibar Əliyevin çıxışlarına münasibət bildirib: "Etibar müəllim küsmürsünüz ki? Heç küsə də bilməzsiniz".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->