Ötən həftənin ən ciddi hadisəsi Bakıdan 404 kilometr
uzaqlıqda-Şuşada baş verdi. Mövzuya çox emosional yanaşmalar da oldu ki, bu da
təbiidir.
Mayın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanın
iştirakı ilə Dağlıq Qarabağın yeni seçilən "prezidenti” Araik Aratunyunanın
"andiçmə mərasimi”nin keçirilməsi yenidən Şuşa yarasının üstünə duz basdı.
Emosiyalar yenə coşdu, yenə müharibə çağırışları daha ucadan səslənməyə
başladı, "Şuşaya barı bir raket atmaq” qəzəbi ilə boğulanlar oldu.
Həftəyə bu "raket atmaq” məsələsi damğa vurdu həm də. Bunun
"niyə”sini əlbəttə ki, dövlətdən soruşmaq sadəlövlük olar, amma Şuşa elə bir həssas
nöqtədir ki... hamının emosiyasını da, canının yanğısını da başa düşmək olar.
İkincisi, əvvəl "ordumuz bunu edə bilməz” kimi pessimist düşüncələrin indi
"raketli hücum tələbi” ilə əvəz olunması diqqət yetiriləcək məqamdır...
Ermənilərin siyasi tamaşanı bu dəfə məhz Şuşada
oynamalarının səbəbləri sırasında onların narahatlığı da var. Xüsusilə erməni cəmiyyətinin
özündə bu münaqişə ilə bağlı çoxsaylı suallar var. Biz indilikdə itirən tərəfik,
amma ermənilər də qalib deyil axı. Bu itirmək hiss daima məğlubiyyətlə
barışmayacağımıza çağırışdır, ermənilərin isə nə qalib görkəmi, nə rahatlığı
var. Bilirəm, bu, canımızı yandıran o "andiçmədən” sonra yersiz təskinlik kimi
də görünə bilər. Amma guya qələbə qazanmış, "respublika qurmuş” sadə qarabağlı
erməninin bu teatrda yeri nədir? Bu "andiçmə” ona işğal olunmuş torpaqda
yaşamaq, yad ellərdə uşaq böyütmək üçün təminatdırmı? Siyasətçilərin bu məsələdə
"uduşu” aydındır: özünü "andiçməyə” çatdıran Paşinyanın öz çıxarı, yeni
"prezidentin” öz hədəfləri var. Amma o kökü olmayan "respublika”da nə Paşinyan
yaşayasıdır, nə bir az ağlı olan erməni. Ermənistan məhz bu psixoloji gərginliyi
aşmaq, heç bir ölkənin tanımadığı seçkidəki "qələbəni” Şuşada gözə soxmaq istədi.
Xankəndidə keçirilən "andiçmələr” artıq erməni cəmiyyətinə qələbə eyforiyası
effekti vermir.
Ermənilərin nə məqsədlə etməsinə baxmayaraq, Şuşa "andiçməsi”
bizə də mesajdır. Bu mesajı ilk olaraq cəmiyyət aldı və reaksiya verdi.
Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir
daha aldı, təhlil etdi, diplomatik üslübunu da, dünyadakı reaksiyanı da,
ordusunun gücünü də bir daha götür-qoy etdi...
Yeni deputatlardan biri "cəmiyyət müharibəyə hazır deyil”
söyləyib və geniş izahat da verib. "Cəmiyyəti müharibəyə hazırlamaq hakimiyyətin
məsuliyyətidir” deyə, fikir də bildirib. Razılaşmaq da olar, amma müharibəyə cəmiyyətləri
klassik mənada hazırlamaq, küçələrə "Za Rodina” yapışdırmaq dövrü də, elə dünya
da artıq keçmişdir. Cəmiyyətin böyük əksəriyyəti Qarabağ məsələsində barışmaz
mövqedədir və hər hansı bir qüvvə onu təslimçiliklə, torpaq itkisi ilə
razılaşmağa məcbur edə bilməz. Bu, 10 il əvvəl də belə idi, indi də. Qarabağsız
Azərbaycanda çox şey dəyişib, dəyişə bilər. Amma cəmiyyətin Qarabağsız Azərbaycan
haqda rəyi dəyişməyib: "Qarabağsız Azərbaycan yoxdur!” Prezident İlham Əliyevin
"Azərbaycan Qarabağdır. Nida!” deməsi cəmiyyətin əhval-ruhiyyəsinin bir cümlə
ilə ifadəsi deyilmi?
Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir
daha aldı, təhlil etdi, diplomatik üslubunu da, dünyadakı reaksiyaları da,
ordusunun gücünü də bir daha götür-qoy etdi.
Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsində Qarabağ məsələsində
açığı, indiki reallığa söykənməyən çağırışlar da var. Sirr deyil ki, təkcə
bizim Şuşaya yox, düşmənin məskunlaşdığı Ermənistana da raket atmağa silahımız
var. Amma dövlət bizim düşündüyümüz kimi emosiyalarla idarə olunmur, olunmaz.
Dövlətdəki o "raket atmaq” səlahiyyətini çayçıda oturub "qan-qan” deyən fəhləyə
də, kondisionerli maşınında yayxanıb "müharibə yeganə yoldur” deyənə də həvalə
etsən, başa düşəcək ki: 1)dövlət vətəndaşın dövləti olsa da, hər yerdə onun
kimi düşünmür, 2)onun kimi dost-düşmən seçmir, 3)onun kimi oturub-durmur, 4)
onun kimi hədə dilini diöplomatik üslubuna gətirmir, 5) onun kimi "raketlə
vurub-dağıdaram” demir...
Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətə
gəlməsinin bir illiyi tamam oldu. Bununla bağlı geniş mətbuat konfransında
Zelenskinin vədləri ona xatırlandı. Digərlərin kənara qoyuram, bizə dəxli
yoxdur. Amma əsas suallar həm də itirilmiş torpaqlar barədə oldu. 1 il az müddətdir,
amma Zelenski vəd veribmiş ki, ən azı Donbasda sülhə nail olacaq və sairə...
"Ortada heç nə yoxdur" deyirlər, tənqid edirlər, sorğulayırlar,
Rusiya televiziyaları daha sərt, hətta bəzən aşığılayıcı üslub seçir. Zelenski
1 il əvvəl yəqin elə bilirdi ki, bəli, gəlib Donbasa raket atmaqla münaqişəni həll
edə, iki qondarma "respublikanı” Kiyevin nəzarətinə qaytara biləcək. Zelenski
hakimiyyətə təkcə xalqın deyil, həm də Qərbin ciddi dəstəyi ilə gəlib. "Qərb
bizim kürəyimizin arxasında dayanmır, ona görə Qarabağı qaytarmaq çətindir”
düşünənlərimiz də az deyil. Amma Qərbin dəstəyi belə Kiyevə bir qarış torpağını
geri qaytarmağa yetmir. Əksinə, belə görünür ki, son bir ildə Qərb hətta Krım məsələsində
də prinsipiallığı artıq ikinci plana keçirməkdədir. Bəli, onu da yada salaq ki,
Qərb Kiyev separatçıları cəzalandıranda da, qondarma qurumun başçılarının altına
bomba qoyanda özünü görməməzliyə vurur...
İndi gəldik, zurnanın son dəliyinə - ermənilərin arxasında
duranlara. Bunu bilməyən yoxdur - Ukraynada da, Gürcüstanda da, Azərbaycanda da
işğal olunmuş torpaqlarda separatçı rejimlərin bağlandığı bir mərkəz var: Kreml.
Biz Kremllə, orada oturanlarla da dövlət olaraq yaxşı münasibətdəyik. Vətəndaş
olaraq da, ruslar bizim içərimizdə, biz orada ruslarla iç-içəyik.
Şuşadan yazanların hamısının ağrısını onlar qədər anlayıram,
amma dövlətin səbrini də, davranışını da başa düşməliyik. Hay-küyçülükdən bir
şey əldə etmək olmaz. Bunun acısını çox gördük. Etiraf edək ki, bu torpaq məsələsi
Məmmədyarovun yumşaq üzü və ya Qarabağın Azərbaycan İcmasının ard-arda düzdüyü
bəyanatlara bağlı məsələ deyil axı... Bu artıq iki dövlət (Ermənistan-Azərbaycan),
aradakı dövlət (Rusiya) məsələsi də deyil deyəsən... Bu, dövlətlər məsələsidir.
Şuşa ermənilərin orada gəzib gözdən salmağına baxmayın,
göründüyü kimi adi şəhər deyil. "Bir raket” atılacaq, asan geri alınacaq şəhər
heç deyil...
Nazim Sabiroğlu/Yeni Müsavat
Şərhlər