Bakıda xanım müştərinin dizinə əl-qol atan və ondan icazəsiz şəklini çəkən taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, Vüsalə (şərti) Koroğlu metrostansiyasından 20 Yanvar stansiyasına getmək üçün 1988-ci il təvəllüdlü Cavid (şərti) adlı taksi sürücüsünün avtomobilinə əyləşib.
Taksi sürücüsü bir qədər hərəkət etdikdən sonra tuneldə xanım müştəriyə qarşı qeyri-etik hərəkət etməyə başlayıb. Müştəri başına gələn olayla bağlı DİN-nin 102 xidmətinə müraciət edib.
Polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılan sürücü özünü təqsirli bilməyib və izahatında göstərib ki, sərnişin işə gecikdiyini bildirdiyi üçün o, əlavə sərnişin götürməyib: "Düşündüm ki, yolüstü sərnişin götürərəm. Sərnişindən nömrə istəməmişəm. Əksinə, 5 gün sonra xanım müştəri məni yığaraq telefonda söhbət etmək istəyib. Bu zaman məni narahat etməməsini tapşırdım. Himayəmdə azyaşlı uşaqlar və onkoloji xəstə olan atam var”.
Vüsalə isə izahatında göstərib ki, o, həmişə işə qatarla gedib. Bu dəfə gecikdiyi üçün yolda gördüyü taksiyə oturub və astma xəstəliyi olduğu üçün avtomobildə öndə əyləşib. Avtomobildə ondan başqa heç kəs olmayıb. Bu zaman o, sürücüdən niyə əlavə müştəri götürmədiyini soruşduqda Cavid ona görə götürmədiyini bildirib. Daha sonra sürücü ondan mobil nömrəsini istəyib və Vüsalə qorxusundan dostunun nömrəsini verib. Bu zaman sürücü həmin nömrəni yığıb və ona aid olmadığını anlayıb. Onun dizinə əl-qol atıb və tuneldə icazəsiz şəklini çəkib.
Məhkəmənin qərarı ilə Cavidi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Əhməd
Şərhlər