"Avtobus zolaqları çəkilən zaman onların ictimai olmasını təklif etmişdik. Yəni bu zolaqlar taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də şamil olunmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat ekspert Aslan Əsədov taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsinin yenidən müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.
Ekspert bu gün taksilərin sayının kifayət qədər çox olduğunu qeyd edib:
"Daha çox taksi və eyni zamanda daha çox daşınma mövcuddur. Avtobuslar öz zolaqları ilə hərəkət edə bilir. Amma tam say etibarı ilə hərəkət düz təşkil edilməyib. Yəni, avtobusların sayının daha çox olması taksilərə mane olur. Məsələn, düz yolda bir zolaqda 20-25 dəqiqəyə 10-12 avtobus keçir. Halbuki bu müddətdə 400-500 avtomobil həmin yoldan keçə bilər. Ən azı bu say tendensiyası artıb-azala bilər".
Aslan Əsədov hesab edir ki, bu məsələ özünü doğruldacaq:
"Əks halda yenə tıxaclar qaçılmaz olacaq, insanlarda əzab-əziyyət, o cümlədən sosial narahatlıqlar yaradacaq".
Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib ki, Bakıda taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər: "Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki, bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır".
Bahar Rüstəmli
Şərhlər