Siyasət 18:49 16.08.2022

Tehranın Azərbaycana qarşı növbəti təxribatı - Politoloq

İranda növbəti dəfə Azərbaycan əleyhinə aksiya keçirilib. Rəsmi dövlət kanalı "İRİB News”da yayımlanan reportajda Fəriman şəhərinin Qələndərabad qəsəbəsinin əhalisi Azərbaycanın "məzlum” şiələrinə dəstək aksiyası keçirdiyi əks olunub. Sayt isə yazısında Azərbaycanı "sionistlərin marioneti” adlandırıb. 

Görünən odur ki, son zamanlar İranda Azərbaycan əleyhinə kampaniya yenidən vüsət almağa başlayıb. Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olması Tehranı əməlli-başlı narahat edib. Bu fonda da açıq şəkildə hiss olunur ki, cənub ölkəsi yenidən Azərbaycana qarşı münasibətdə aqressiv tona üstünlük verməyə başlayıb. Bu zaman da onlar əksər hallarda olduğu kimi dini motivdən "yararlanmağa” çalışır.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Əlimusa İbrahimov bildirir ki, Tehranın bu təxribatlarda məqsədi Azərbaycanın həyata keçirdiyi siyasətə kölgə salmaqdır:



"Londonda baş verən hadisədən sonra onun əks-sədası Yaxın və Orta Şərqə də çatıb. İran və Yaxın Şərqin bəzi ölkələrində müxtəlif şiə qrupları Azərbaycana qarşı bu yöndə fəaliyyətə keçiblər. İranın bu oyunda məqsədi Azərbaycanın həyata keçirdiyi prosesləri qəbul və həzm edə bilməməsindən qaynaqlanır. İranın Qələndərabad qəsəbəsindəki sözügedən tədbir də məhz həmin addımlardan biridir. İran İslam dinindən digər ölkələrə təsir etmək üçün istifadə edir. Bu hisslərdən istifadə edərək, Tehran toplumu manipulyasiya edir. Bu yolla onlar Azərbaycan dövlətinin apardığı siyasətə kölgə salmaq, dövlətimizin yürütdüyü siyasətin qarşısını almağı düşünürlər. Digər vasitələrlə buna nail olmayan Tehran rejimi indi də insanların dini hisslərindən sui-istifadə etmək istəyir. Amma əbəsdir. Onların cəhdləri alınmayıb və alınmayacaq. Azərbaycan öz yolu ilə  davam edəcək”.

Rüfət Sultan