Xəbər lenti

Ölkə 15:27 05.09.2022

"Tərtər işi": General Bəkir Orucovu hansı cəza gözləyir?

"Tərtər işi"ndə ittiham olunan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun təqsiri sübuta yetirilərsə, o, uzun müddətli həbs həyatı yaşaya bilər. 

Qaynarinfo-nun məlumatına görə, generalın ittiham olunduğu maddələr belə deməyə əsas verir. 

Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (sağlamlığa ağır və ya az ağır zərər vurmaqla işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (silah tətbiq olunmaqla vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü (ağır nəticələrə səbəb olmaqla vəzifə saəlihiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

126.3-cü maddədə doqquz ildən on iki ilədək, 145.3-cü maddədə beş ildən on ilədək, 293.3-maddə altı ildən on bir ilədək, 341.2.2 və 341.2.3-cü maddələrdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Cinayət Məcəlləsinin 17-ci maddəsində bildirilir ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

Bu baxımdan, Bəkir Orucova da cinayətlərin məcmusu üzrə cəza təyin ediləcəyini söyləmək olar. Bu halda generalın cəzası minimum 12 il azadlıqdan məhrumetmə ola bilər. 

Qeyd edək ki, Baş Prokurorluq bu gün "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb. Bildilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->