Sənət 15:51 29.12.2022

“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də keçiriləcək

Təqdimat Park Cinema-nın "Flame Towers" filialında baş tutacaq

"Toy Tələsi” bədii filminin qala gecəsinin keçirilməsinə artıq sayılı günlər qalıb. 

Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.

Filmin təqdimatı ilə bağlı rejissor Faiq Nağıyev Qaynarinfo-ya saytına açıqlama verib:

"Bu film sizlərin üzündə gülüş yaradacaq, real hadisələr əsasında lentə alınmış bir komediyadır. Artıq film təqdimata hazırdır. Park Cinema kinoteatrlar şəbəkəsi ilə müqavilə imzaladıq. Filmin çəkilişinə sentyabr ayında başlamışıq. 4 aya təhvil verə bildik. Düzdür, qala gecəsi və premyerasnın tarixi 22.12.2022-ci il tarixinə təyin olunmuşdu, amma təxirə düşdü. Tarixin dəyişmə səbəbi kimi reklamımızın az olmasını əsas  gətirdilər. Biz indi filmin tam reklamına başlamışıq. İnformasiya dəstəkçisi "MTV Azərbaycan"ın səhər proqramının qonağı olduq. Bizi izləyən tamaşaçılarımıza "Toy Tələsi" haqqında geniş məlumat verdik. Artıq bu gündən filmimizin posterləri Nizami, daha sonra isə Park Cinema kinoteatrlarında asılmağa başlayıb. Eləcə də Park Cinema ekranlarında filmimizin anonslarını da görə bilərsiniz. Sizi bu filmi izləməyə dəvət edirik”.

Faiq Nağıyev həmçinin qeyd edib ki, "Toy Tələsi" filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib.

Qeyd edək ki, "Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də Park Cinema "Flame Towers" filialında gerçəkləşəcək. Artıq kinoteatrın bütün filiallarında təqdim biletlərin satışına start verilib.

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkiəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.

Gülnarə Əmirqızı