Xəbər lenti

Üç Avropa ölkəsi Fələstini tanıdı: İsrail İrlandiya və Norveçdən səfirləri geri çağırdı (YENİLƏNİB)
Dünya 11:37 22.05.2024

Üç Avropa ölkəsi Fələstini tanıdı: İsrail İrlandiya və Norveçdən səfirləri geri çağırdı (YENİLƏNİB)

İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bildirib.

Qaynarinfo xəbər verir ki, baş nazir bu barədə mətbuat konfransında deyib: 

"Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdığımızı elan edirlər. İndi hər birimiz bu qərarın qüvvəyə minməsi üçün milli səviyyədə lazım olan bütün addımları atacağıq", deyə Harris bildirib.

Baş nazir yaxın həftələrdə digər ölkələrin də nümunə götürəcəyinə əmin olduğunu bildirib.

İspaniya hökuməti gələn çərşənbə axşamı, mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. Bu barədə ölkənin baş naziri Pedro Sançes çərşənbə günü Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.

"Gələn çərşənbə axşamı, mayın 28-də İspaniya Nazirlər Şurasında Fələstin dövlətinin tanınmasını təsdiq edəcək", deyə baş nazir bilririb.

11.08

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir.

Qərar mayın 28-də rəsmi olaraq qüvvəyə minəcək.  "Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıması barədə qərar qəbul edib", deyə sənəddə qeyd edilir.

Norveç hesab edir ki, Fələstinin dövlət kimi tanınması Yaxın Şərqdə, bu ölkə ilə İsrail arasında münaqişənin həllinə kömək edəcək.

Bu gün İrlandiya hökumətinin də Fələstin dövlətini tanıdığı deyilir. Bu barədə məsələdən xəbərdar olan mənbə "Reuters" agentliyinə bildirib. Nəşr qeyd edir ki, İsrail bu addımın qəti əleyhinədir.

Artıq İsrail Norveç və İrlandiyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.

"Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin bu ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırmaq barədə təlimat vermişəm. Mən İrlandiya və Norveçə aydın və birmənalı mesaj göndərirəm: İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq. Bugünkü qərar fələstinlilərə və dünyaya bir mesaj verir: Terrorun əvəzi. HAMAS terror təşkilatı Holokostdan sonra ən böyük yəhudi qırğını həyata keçirdikdən sonra, dünyanın şahidi olduğu iyrənc cinayətləri törətdikdən sonra bu ölkələr Fələstin dövlətini tanımaqla HAMAS və İranı mükafatlandırmağı seçdilər. Bu ölkələrin bu təhrif olunmuş addımı 7/10 qurbanlarının xatirəsinə ədalətsizlik, 128 girovun qaytarılması səylərinə zərbə, HAMAS və İran cihadçılarına dəstəkdir ki, bu da sülh şansını sarsıdır və İsrailin özünümüdafiə hüquqlarını şübhə altına alır. İsrail səssiz qalmayacaq, bunun daha ağır nəticələri olacaq. İspaniya da Fələstin dövlətini tanımaq niyyətinə əməl etsə, ona qarşı da oxşar addım atılacaq", deyə İsrail XİN rəhbəri bildirib.

Mayın əvvəlində Avropa diplomatiyasının rəhbəri Cozep Borrell təsdiqləyib ki, İspaniya, İrlandiya və bir sıra digər Aİ ölkələri mayın 21-də Fələstini tanımaq niyyətindədirlər. Daha sonra "Politico" mənbələrə istinadən xəbər verib ki, İspaniya, İrlandiya və başqa bir neçə ölkə mayın 22-də Fələstini tanıyan bəyanat yaymaq niyyətindədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->