Xəbər lenti

Ukraynanın xilası yalnız NATO üzvlüyündən asılıdır? (ŞƏRH)
Dünya 22:43 30.05.2024

Ukraynanın xilası yalnız NATO üzvlüyündən asılıdır? (ŞƏRH)

"İndiki mərhələdə Qərbin Ukraynaya kollektiv zəmanət hüquqi verəcəyi inandırıcı deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukraynanın Rusiya təcüvüzündən xilası üçün NATO ölkələrinin kollektiv müdafiəsinə daxil edilib-edilməyəcəyi məsələsinə toxunarkən deyib.

Zərdüşt Əlizadə vurğulayıb ki, Qərbdə yeganə söz sahibi ABŞ-dır:
 


"Bu addımın atılması yalnız bir dövlətdən, ABŞ-dan asılıdır. ABŞ isə öz milli təhlükəsizliyini, özünün mövcudluq zəmanətini hansısa bir dövlətə bada verməyə hazır deyil. Ona görə də Vaşinqtonda çox ehtiyatlı davranır, "suyu üfürə-üfürə" içirlər. Bu mənada indiki mərhələdə Qərbin Ukraynaya hansısa kollektiv zəmanət hüquqi verəcəyini düşünmürəm. Versəydilər, ABŞ çöllərində istifadəsiz qalaraq köhnələn 3 min tank, xeyli sayda çıxdaş edilən F-16 təyyarələrini verərdilər. Lend-liz qanununu da əməlli başlı işə salmadılar. Əksinə, Ağ Ev verdiyi silahı da Ukraynanın Rusiya içərisinə zərbə endirməməsi şərtilə verir. Belə olan halda Qərbin Kiyevə münasibətdə hansısa ciddi addım atacağına inanmıram. Müharibə iki ildən çoxdur ki, gedir. Qərb isə Ukraynaya hərbi yardımı çay qaşığı ilə verir".

Qeyd edək ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynanı xilas etməyin yeganə yolunun onu NATO ölkələrinin kollektiv müdafiəsinə daxil etməkdən ibarət olduğunu bəyan edib. Nazir bunu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansının himayəsi altına daxil edilməsi Rusiyanı cilovlamaq üçün yeganə yoldur. "Litva bunu anlamaq üçün Ukraynanın təzyiqinə ehtiyac duymur", deyə Landsbergis bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->