Ölkə 17:52 14.12.2022

Xudu Məmmədovun məzarı ziyarət olundu

Bir qrup Ağdam sakini ictimai-siyasi xadim, professor Xudu Məmmədovun məzarını ziyarət edib.

Qaynarinfo xəbər verir ki, ziyarətçilər Xudu Məmmədovun məzarı önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar oxuyub, əziz xatirəsini yad ediblər.

Qeyd edək ki, X.Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. O, daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. X.Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir. 1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.

Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Xudu Məmmədov 1988-ci ildə Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.