Bakının Sabunçu rayonunda anasına xəsarət yetirməkdə təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə Zabrat qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs yaşadığı evdə anası ilə mübahisə edib. Mübahisənin səbəbi isə anasının ona yemək verməməsi olub.
İttihama əsasən, o, əsəbiləşərək anasının baş və qol nahiyələrinə əli ilə bir neçə dəfə zərbə endirib. Nəticədə qadının sol göz ətrafında və sol bazu nahiyəsində qançırlar əmələ gəlib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, qadına yetirilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Lakin təqsirləndirilən şəxs məhkəmə qarşısında özünü təqsirli bilməyib. O bildirib ki, anası ilə mübahisə zamanı divanın nalçəsini ona tərəf atıb, lakin qadına əli ilə zərbə vurmayıb.
Onun sözlərinə görə, mübahisə zamanı evdə səs-küy yaranıb və yaxınlıqda yaşayan qohumları hadisə yerinə gələrək onları sakitləşdiriblər. Təqsirləndirilən şəxs həmçinin bildirib ki, hadisə zamanı anasının üzündə kiçik qaraltı görüb. Onun sözlərinə görə, həmin qaraltı sonradan böyüyüb. O, anasının aldığı xəsarətlərin özündən qaynaqlanmadığını iddia edib.
Ancaq müttəhimin istintaq zamanı verdiyi ifadə məhkəmədə söylədiklərindən fərqli olub. O, ibtidai istintaq zamanı anası ilə aralarında əvvəldən də mübahisələrin olduğunu deyib.
Müttəhimin sözlərinə görə, problemlər əsasən qadın dostlarının evə gəlməsi ilə bağlı yaranıb. Anasının bundan narahat olması onların arasında mübahisələrə səbəb olub.
Hadisə günü isə o, evə gəlib anasından yemək istəyib. Anasının onunla əsəbi danışmasından sonra aralarında yenidən sözlü mübahisə yaranıb.
İstintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxs anasının yüksək səslə qışqırdığını və onu sakitləşdirməyə çalışdığını bildirib. Lakin mübahisənin daha da gərginləşdiyini və bu zaman anasının baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyini etiraf edib. Daha sonra isə evdən çıxıb getdiyini söyləyib.
Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini də dinləyib. Qadın məhkəmədə bildirib ki, təqsirləndirilən şəxs onun oğludur. Oğlunun evdə tez-tez mübahisə yaratdığını deyən qadın hadisə zamanı oğlunun onu əli ilə itələdiyini və nəticədə xəsarət aldığını söyləyib.
Zərərçəkmiş şəxs daha əvvəl oğlunun narkotik vasitə qəbul etdiyini düşündüyünü və buna görə polisə şikayət etdiyini də bildirib. Bununla belə, qadın məhkəmədə oğlu ilə barışdığını, hazırda onunla bağlı heç bir şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə iş üzrə toplanmış sübutları və tərəflərin ifadələrini araşdırdıqdan sonra təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə tövsif edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Şərhlər