Qafqaz Albaniyasının tarixi irsinin araşdırılmasında qədim toponimlərin mənşəyinin öyrənilməsi böyük əhəmiyyət daşıyır.
Qaynarinf xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxışı zamanı deyib. Alim bildirib ki, “Sisak”, “Sünik” və “Aran” kimi toponim və adların mənşəyi ilə bağlı araşdırmalar aparılmalıdır. Alban tarixçisi Musa Kalankatuklu Alban dövlətinin yaranması zamanı hakimiyyətin Sisak nəslinə verildiyini qeyd edir.
Həsən Həsənov “Sisak” adının qədim türk dilləri ilə bağlı olduğunu bildirərək “si” sözünün “qalib”, “sak” sözünün isə tayfa mənası daşıdığını deyib. Onun fikrincə, bu baxımdan “Sisak” adı “qalib saklar” mənasında izah oluna bilər. Tarixçi-alim, həmçinin Albaniya dövlətinin ilk hökmdarlarından biri kimi təqdim etdiyi Aran adının da türk dillərindəki “ərən” sözü ilə əlaqəli olduğunu bildirib. O, “Sünik” toponiminə də diqqət çəkərək bu sözün qədim türk dilində “çinar” mənası daşıdığını və ərazidəki təbii çinar meşələri ilə əlaqəli ola biləcəyini qeyd edib.
Həsən Həsənov alban adının qədim türk dilləri ilə bağlı olduğunu və “qəhrəman” mənasında işləndiyini bildirib. Professor qeyd edib ki, hazırda Çin və Qazaxıstanda alban adlı qrupların mövcudluğu bu adın müxtəlif türk xalqları arasında yaşadığını göstərən nümunələrdən biridir. Alban irsinin yalnız xristianlıqla əlaqələndirilməsi düzgün deyil. Albaniya əhalisi arasında xristianlıqla yanaşı, tanrıçılıq inancları da mövcud olub və Musa Kalankatuklu bu inanclarla bağlı məlumatlar verib. Albaniyanın tarixi ərazisi ilə bağlı müxtəlif yanaşmalar da var. Bəzi yanaşmalarda Albaniya ərazisi yalnız Kür çayından Qafqaz dağlarına qədər olan ərazilərlə məhdudlaşdırılır. Tarixçi-alim isə Movses Xorenatsinin məlumatlarına istinad edərək Albaniyanın ərazisinin şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə isə İrəvanın bir qədərinədək uzandığını bildirib.
Professor qeyd edib ki, bu kimi mənbə və məlumatların Azərbaycan cəmiyyətində daha geniş tanıdılması vacibdir. Onun fikrincə, tarixi irslə bağlı elmi məlumatların ictimaiyyətə çatdırılması üçün mənbələrə əsaslanan araşdırmalar və informasiya fəaliyyəti gücləndirilməlidir.
Şərhlər