Siyasət 12:51 06.03.2023

“Ya nəzarət-buraxılış məntəqəsi qurulacaq, ya da...” - Ekspert

"Qarabağ ərazisinə silah, sursat və minaların alternativ yoldan daşınması ondan xəbər verir ki, Azərbaycana qarşı Ermənistanın təhdid, təxribat və terror fəaliyyətləri bu gün də davam etməkdədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan ərazisindən Laçın yoluna alternativ Xələfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması təxribatını şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu fəaliyyətlərin qarşısının alınması üçün Bakı Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddin Laçın ərazisindən keçən hissəsində nəzarət buraxılış məntəqəsini quraşdıracaq, həm də erməni silahlılarını ərazimizdən təmizlənməsi üçün real addımlar atacaq:
 


"Baş verən hadisədən sonra Azərbaycan birmənalı olaraq, sərhəd keçid məntəqəsinin qurulması istiqamətində fəaliyyətlərini sürətləndirəcək. Ermənisan-Azərbaycan arasındakı şərti sərhəddə - Laçın ərazisindən keçən hissədə belə bir nəzarət-buraxılış məntəqəsinin qurulması artıq bir zərurətə çevrilib. Digər tərəfdən isə bu problemin kökündə dayanan əsas nəsələ Rusiya sülhməramlı kontigentinin nəzarətində olan ərazilərdə erməni silahlılarının mövcudluğudur”. 

Ədalət Vəliyev hesab edir ki, Azərbaycan tərəfi son hadisədən sonra erməni silahlıların təmizlənməsi istiqamətində Rusiya sülhməramlılarını aktiv şəkildə öz vəzifə borclarını yerinə yetirməyə dəvət edəcək: 

"Əgər bu baş verməzsə, o zaman Azərbaycan ən qısa müddətdə bu fəaliyyətləri öz güc, imkan və potensialı hesabına həyata keçirəcək. Sonuncu variant Ermənistan və erməni silahlıları üçün daha acılı nəticələr vəd edir”. 

Qeyd edək ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Müdafiə Nazirliyinin məlumata görə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. 

Bahar Rüstəmli