Siyasət 16:49 30.06.2022

Yeni dünya düzənində türk dövlətləri mühüm rol oynayacaq – Ekspert

Son aylar türkdilli dövlətlərin birliyi istiqamətində ciddi addımlar atılır. Türkiyə Prezidenti bu müddətdə dəfələrlə Azərbaycan və Mərəzi Asiya ölkələrində səfərdə olub. Bu zaman bir sıra mühüm sənədlər imzalanıb. 

Anoloji olaraq Azərbaycan Prezidenti İlham Əliyevin də Özbəkistan, indi də Türkmənistana səfərləri olub. Qazaxıstan Prezidenti Tokayev isə yaxınlarda Bakıya səfər edəcək. 

Bir sözlə, türk dövlətləri arasında gəliş-gediş xeyli dərəcədə intensivləşib. Qazaxıstan Prezidentinin qondarma rejimləri tanımamaqla bağlı Rusiyaya yönəlik demarşı da həmçinin türk dövlətlərinin birliyi ideyası kontekstində dəyərləndirilə bilər. 

Eyni zamanda, Xəzəryanı ölkələrin Aşqabad sammiti türkdilli ölkələrin inteqrasiyası yolunda mühüm addımdır. Belə ki, burada təmsil olunan 5 dövlətdən 3-ü türkdilli dövlətdir.  

Məsələ barədə Qaynarinfo-ya danışan siyasi ekspert Sahib Kərimli düşünür ki, türk dövlətləri birliyi ideoloji baxımdan daha çağdaş, daha yeni və həmişəyaşar bir formuldur: 

"Dünyada əməkdaşlıq imkanları və rəqabət dəyəri daha çox artmaqda davam edir. Qloballaşmanın təsirilə mümkün böyük ittifaq və ya konfederasiyalar formalaşmaqdadır. Türk dövlətləri birliyi ideoloji baxımdan dünyada mövcud olan dəyərlərdən fərqli olaraq daha çağdaş, daha yeni, həm də həmişəyaşardır. Müasir dünyada ideyaların, vahid düşüncənin sərhədləri aşacaq, dövlətləri birləşdirəcək ciddi potensiala malik böyük düşüncələri demək olar ki, yoxdur. Yalnız Turan ideologiyası olaraq türk dövlətlərin birliyi ideyası böyük bir coğrafiyada yaşayan toplumları vahid ideya ətrafında hərəkətləndirə bilir. Türk dövlətləri birliyi hazırda 400 milyon civarında insanı əhatə edən ərazidə hər kəsi vahid amal uğrunda səfərbər edəcək potensiala sahibdir. Son zamanlar haqqında geniş söhbət açılan yeni dünya düzənində türk dövlətləri birliyi artıq masadadır”. 

Həmsöhbətimiz qeyd edir ki, Qarabağ müharibəsindən sonra türk dünyasında bütövləşmə, birləşmə, əməkdaşlığı dərinləşdirmə sahəsində çağırışların artdığını müşahidə edirik:

"Azərbaycan Prezidentinin Özbəkistan, Türkmənistan səfərləri, burada verilən mesajlar, Ərdoğanın Mərkəzi Asiya və Azərbaycana səfərləri və bu fonda verdiyi mesajlar onu deməyə əsas verir ki, türk dövlətləri birliyilə bağlı dövlət başçıları səviyyəsində vahid mərkəzləşmiş bir hərəkətlilik var. Azərbaycan da buna hazır olmalıdır. Türk dövlətləri birliyi ideya olaraq həm də Bütöv Azərbaycan deməkdir. Bu mənada Azərbaycanın da bütövləşməsi üçün yeni-yeni üfiqlər açılır. Azərbaycan bütün bu prosesin qaynar nöqtələrindən birinə çevriləcək”.

Rüfət Sultan