Dünyanın müxtəlif yerlərində ictimai parklarda, universitet kampuslarında və tarixi məkanlarda vaxtilə kosmosda olmuş toxumlardan yetişdirilən ağaclar böyüyür.
Qaynarinfo “Times of India”a istinadən ki, “Apollo-14” missiyasının astronavtı Stüart Ruz 1971-ci ilin fevralında şəxsi dəstinə beş növ ağacın təxminən 2 min toxumunu götürüb. Kosmik gəmi Aya çataraq onun ətrafında 34 dövrə vurub.
Həmin vaxt NASA və ABŞ Meşə Xidməti Ay ətrafında səyahətin toxumların cücərməsinə və sonradan ağacların böyüməsinə təsir edib-etmədiyini araşdırırdı. İndiyədək bu ağacların görünüşündə adi həmnövlərindən hər hansı fərq müşahidə edilməyib.
Astronavt olmazdan əvvəl Ruz ABŞ Meşə Xidmətində çalışıb. O, meşə yanğınları ilə mübarizə aparmaq üçün ucqar vəhşi ərazilərə paraşütlə atılan yanğınsöndürən idi. Onun Meşə Xidməti ilə əlaqəsi ağac toxumlarının təhsil layihəsi çərçivəsində kosmosa göndərilməsi ideyasının yaranmasına səbəb olub.
Toxumlara nə baş verdi?
Kosmosa beş ağac növünün toxumları aparılıb: loblolli şamı, çinar, likvidambar, sekvoya və Duqlas küknarı.
“Apollo-14” 9 fevral 1971-ci ildə Yerə qayıtdıqdan sonra toxumların yerləşdirildiyi konteyner mobil karantin kompleksində dezinfeksiya zamanı təsadüfən zədələnib. Toxumlar kameraya səpələnib və sterilizasiya qazlarının təsirinə məruz qalıb.
Daha sonra toplanan toxumlar ABŞ Meşə Xidmətinə göndərilib. Orada onlar cücərdilib və tədqiq olunub.
Tapılan toxumların böyük hissəsi uğurla cücərərək sağlam tinglərə çevrilib. Sonradan bu tinglər müxtəlif yerlərə paylanıb. Aparılan müqayisələr həmin ağacların adi həmnövlərindən nəzərəçarpacaq fərqinin olmadığını göstərib.
1975 və 1976-cı illərdə ABŞ-ın iki yüzilliyi münasibətilə çoxsaylı “Ay ağacı” tingləri dövlət meşə təsərrüfatı qurumlarına, məktəblərə, universitetlərə, parklara və hökumət təşkilatlarına paylanıb.
“Apollo-14” toxumundan yetişdirilmiş çinar Filadelfiyada Vaşinqton meydanında əkilib. Lobli şamı isə Ağ Evin ərazisində əkilib. “Ay ağacı” tingləri Braziliya, İsveçrə, Yaponiya və İtaliya da daxil olmaqla bir neçə ölkəyə də göndərilib.
“Ay ağacları”nı tapmaq niyə çətindir?
Bu ağaclarla bağlı məlumatlar pərakəndədir. Səbəb onların paylanması zamanı vahid və tam siyahının aparılmamasıdır.
Bu ağacları izləmək cəhdləri 1996-cı ildə İndiana ştatından olan müəllim Coan Qoblun NASA-ya “Ay ağacları” barədə məlumat üçün müraciət etməsindən sonra başlayıb.
Planetoloq Devid Uilyams məlum ağacların siyahısını hazırlamağa başlayıb. Daha sonra onlarla insan qorunub saxlanılan digər nümunələr barədə məlumat təqdim edib.
Hazırkı məlumat bazasında məlum “Ay ağacları” və onların yerləşdiyi məkanlar qeyd olunur. Bununla belə, ilkin ağaclardan neçəsinin bu günə qədər qorunub saxlandığı dəqiq məlum deyil.
Aydın
Şərhlər