XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əri öldü, kinodan küsdü: "Geyimlərim 1980-ci illərdən qalıb, 22 ildir təkəm, amma xoşbəxtəm"
Maqazin16:35 14.08.2026

Əri öldü, kinodan küsdü: "Geyimlərim 1980-ci illərdən qalıb, 22 ildir təkəm, amma xoşbəxtəm"

Kino dünyasında elə aktyorlar var ki, nəsillər boyu yaddaşlarda iz qoyan filmlərdə rol alırlar. Bəlkə də onların kamera qarşısındakı karyerası gözlənildiyi qədər uzun və ya davamlı olmur, amma illər keçsə də, unudulmurlar.

Hətta özlərini qəsdən yaddaşlardan silməyə çalışsalar belə, bu dəyişmir. Bir qədər sonra bəhs edəcəyimiz məşhur aktrisa da məhz onlardan biridir.

“Aktyor olmaq mənim üçün bir ehtiyac idi” deyərək bu səbəbdən ilk həyat yoldaşını tərk etdi. Daha sonra isə həqiqətən də yaddaşlardan silinməyəcək bir filmdə rol aldı.

Karyerası yüksələrkən böyük eşq yaşadı. Lakin 22 il əvvəl həmin eşqini itirəndə onun həyatı da dəyişdi. Başqa ölkəyə köçərək tənha həyat sürməyə başladı. Özünün sözlərinə görə, bu seçimindən olduqca məmnundur.

Qaynarinfo xəbər verir ki, bu hekayənin qəhrəmanı Stokard Çenninqdir. Onu bir vaxtlar Con Travolta ilə baş rolu paylaşdığı “Grease” musiqili filmində canlandırdığı Betti Rizzo obrazı ilə xatırlayırıq.

Bir neçə nəslin yaddaşında iz qoyan bu rolu ilə Çenninq kino tarixinə adını yazdırdı. Bu gün 82 yaşında olan aktrisa məşhur musiqili filmdən sonra dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün tanınan simaya çevrildi.

Baş rollarını Oliviya Nyuton-Con və Con Travoltanın canlandırdığı “Grease” filmində Stokard Çenninqlə yanaşı Didi Konn, Ceff Konuey və Maykl Tuççi də rol alıblar. Rendal Klayzerin rejissoru olduğu ekran əsəri kinonun unudulmaz musiqili filmlərindən biri hesab olunur.

Çenninq bu film sayəsində milyonlarla insan üçün tanınan simaya çevrildi. Lakin böyük sevgisi Daniel Gillemi itirdikdən sonra onun həyatı da dəyişdi.

Karyerası yüksəldikcə şəxsi həyatındakı çətinliklər də davam edirdi. O, dörd dəfə ailə qurub boşandı.

1990-cı ildə operator Daniel Gillemlə münasibətə başlayan Çenninq çox xoşbəxt idi. Lakin bu xoşbəxtlik uzun sürmədi. Gillem 2014-cü ildə vəfat etdi.

Məhz bundan sonra Stokard Çenninqin həyatında böyük dəyişiklik baş verdi.

“Gözlədiyimdən daha sarsıdıcı oldu”

Yaxınlarda “The Times” qəzetinə müsahibə verən Stokard Çenninq bu ağrının onu dərhal vurmadığını bildirib.

“Gözlədiyimdən daha sarsıdıcı oldu. Bunun təsiri gecikmiş şəkildə özünü göstərdi. Həyatımın nizamı dəyişdi. Buna görə də həyatımı başqa bir yerə köçürdüm”, deyə o bildirib.

Qeyd edək ki, Çenninq Daniel Gillemin 2014-cü ildə ölümündən beş il sonra ABŞ-dan İngiltərəyə köçüb.

Stokard Çenninq Londonda əvvəlki həyatından tamamilə fərqli bir yaşam qurub.

22 ildir təkdir və tənha həyatından məmnundur

O, vəziyyətini “Mən bu tənha həyatda xoşbəxtəm” sözləri ilə ifadə edib.

Daniel Gillemlə tanış olub münasibət qurana qədər Çenninq dörd dəfə ailə qurub və boşanmışdı. Onun sözlərinə görə, dörd keçmiş həyat yoldaşının hər biri həyatının fərqli dövrlərini təmsil edir.

Bu qədər ailə həyatı yaşamasına baxmayaraq, Çenninqin heç vaxt övladı olmayıb. Gənclik illərində “övlad sahibi olmağı düşündüyünü” deyən aktrisa zarafatla “Əslində sizə baxacaq insanların olması yaxşıdır” söyləyib.

Bununla belə, uşaqların da bəzən hər kəs qədər eqoist ola biləcəyini deyərək mövzunu bağlayıb.

Geyimləri belə 1980-ci və 1990-cı illərdən qalıb

Çenninq müsahibə zamanı gündəlik həyatından da danışıb. Səhərlər oyanaraq itinin yanına gəlməsini gözlədiyini, uzun saatlar yataqda qalaraq gündəlik yazdığını söyləyib.

O, geyindiyi bütün paltarların 1980-ci və 1990-cı illərdən qaldığını da bildirib.

Stokard Çenninq ABŞ-ın Manhetten şəhərində imkanlı ailənin qızı kimi dünyaya gəlib. Uşaqlığı sərt qaydaları olan ailəsinin qoyduğu məhdudiyyətlər çərçivəsində keçib. Nə geyinəcəyi, nə yeyəcəyi və necə oturacağı belə müəyyən qaydalara tabe olub.

Gənclik illərində evini tərk edən Çenninq 19 yaşında heykəltəraş Uolter Çenninq Jr. ilə ilk evliliyini edib. Lakin aktyorluq karyerası naminə həm onu, həm də Nyu-Yorkdakı imkanlı həyatını geridə qoyub.

Artıq teatra fokuslanıb

Çenninq Londona köçdükdən sonra kinodan uzaqlaşıb və diqqətini teatra yönəldib. O, “Six Degrees of Separation” və “Apologia” kimi tamaşalarda səhnəyə çıxıb.

Yaxın zamanda Samuel Bekketin “Krapp's Last Tape” tamaşasının rejissorluğunu da üzərinə götürərək bu dəfə səhnə arxasında fəaliyyət göstərəcək.

Bununla yanaşı, Hollivuddan imtina edə bilmədiyi bir təklif də alıb. Nikol Kidman və Sandra Bullokla birlikdə “Practical Magic” filminin davamında kamera qarşısına keçəcək.

Lakin özünün dediyinə görə, bütün bunlar başa çatdıqdan sonra yenidən tənha həyatına qayıdacaq.

Aydın