Maqazin 11:00 21.05.2022

“Zəhər tuluğu” filminin Qazaxıstanda qala gecəsi (FOTO)

Filmin rejissoru Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsünün uğurlu olmasından qürur duyduğunu və ölkə xaricindəki kinoteatrlarda satışa çıxarılan ilk filmin müstəqil kinomuzu təmsil etdiyinə sevindiyini deyir.

May ayının 20-sində Qazaxstanın Almatı şəhərində "KinoPark” kinoteatrlar şəbəkəsinin Esentai Mall-da yerləşən zalında Orxan Mərdanın və Taleh Yüzbəyovun rejissorluğu ilə ərsəyə gələn "Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib. Tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinin üzvləri iştirak edib.

Xatırladaq ki, "Zəhər tuluğu” filminin xarici ölkələrdə satışı və tanıdılması prodüser Orxan Mərdanın təşəbbüsü ilə baş tutub. Prodüser Qazaxstanda baş tutan Qala gecəsindən çox razı qalıb:
 
"Taleh Yüzbəyovla birlikdə çəkdiyimiz və ölkəmizdə maraqla qarşılanan "Zəhər tuluğu” filminin dünya kino bazarına çıxarılmasında, Azərbaycan kinosunun dünyada təbliğində ilk gündən maraqlıyam. Bununla bağlı təklifləri və təşəbbüsləri dəyərləndiririk. Hazırda film "KinoPark” kinoteatrlar şəbəkəsinin xətti ilə, Qazaxstanın onlarla şəhərində, rus dilində nümayiş olunmağa başlayıb. Bu gün təşkil edilən Qala gecəsi də çox maraqlı və anşlaqla keçdi. "Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə Qala gecəsi keçirilir. Çox qürurluyam ki, Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsüm uğurlu alındı. Eyni zamanda sevinirəm ki, ölkə xaricində kinoteatrlarda satışa çıxarılan ilk film müstəqil kinomuzu təmsil edir. Bu tədbirin baş tutmasında bizə dəstək olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinə minnətdarlığımı bildirirəm. İlin sonuna kimi filmin bir neçə xarici ölkədə nümayişi gözlənilir".
 
Xatırladaq ki, ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, baş rollarda Taleh Yüzbəyov, Ləman Mərrih, Əlixan Rəcəbov, Nəzakət Heydərova, Cavidan Novruz, Səidə Quliyeva, Rasim Cəfər, Zülfiyyə Qurbanova və Hüsniyyə Mürvətovanın çəkildiyi film pandemiyadan sonra ölkəmizdə böyük rezonans yaratmışdı.

Film Azərbaycanın son dövrlər ən populyar və uğurlu filmlərindən biri hesab olunur. Hazırda əsər "Hər kəs üçün kino” layihəsi çərçivəsində ölkəmizin rayonlarında da nümayiş etdirilir.