Xəbər lenti

Siyasət 14:03 05.03.2024

"Zəngəzur dəhlizi Ermənistanın izolyasiyadan çıxması üçün vacibdir" (ŞƏRH)

"Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız ölkənin qalan ərazisinin Naxçıvanla birləşdirilməsi baxımından əhəmiyyətlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Zəngəzur dəhlizinin əhəmiyyəti barədə danışarkən deyib.

"Təəssüf ki, Zəngəzur dəhlizilə bağlı Azərbaycanda bu günün özündə də kifayət qədər yanlışlıqlar var. Burada cəmiyyətə və insanlara verilən məlumatlarda yanlışlıqların olmasını nəzərdə tuturam. Zəngəzur dəhlizini Azərbaycan - Türkiyə əlaqələri üçün həyati əhəmiyyətli dəhliz hesab edirlər. Bu, yanlışdır. Ona görə yanlışdır ki, Azərbaycanla Türkiyə arasında onsuz da Gürcüstan üzərindən əlaqə var. Azərbaycan üçün bu əlaqələrin Gürcüstan üzərindən olması daha etibarlıdır, nəinki Ermənstan üzərindən olması. Burada heç tapmaca tapmağa ehtiyac yoxdur. Tiflislə Ankara arasındakı münasibətlər daha normaldır, nəinki Türkiyə ilə Ermənistan arasında. Tiflis Bakı ilə ən müxtəlif sahələrdə tərəfdaşdır, nəinki Ermənistan Azərbaycanla".
 


Ekspert deyir ki, bu dəhliz daha çox Rusiyaya lazımdır:

"Sanksiyalardan yayınmaq, alternativ yol tapmaq üçün dəhlizin işə düşməsi Moskvaya lazımdır. Dəhliz Moskvaya Yaxın Şərqə çıxış üçün əhəmiyyətlidir".

Həmsöhbətimiz Zəngəzur dəhlizini Orta Dəhlizin tərkib hissəsi hesab etmir:

"Bəzi ekspertlər Zəngəzur dəhlizini Orta Dəhlizin tərkib hissəsi kimi göstərir. Orta Dəhlizin Ermənistanla heç bir əlaqəsi yoxdur. Burada İrəvanın iştirakı ümumiyyətlə nəzərdə tutulmur. Orta Dəhliz Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə aiddir". 

Ərəstun Oruclu qeyd edib ki, Zəngəzur dəhlizi ölkəmiz üçün Azərbaycanın qalan ərazisinin Naxçıvanla birləşdirilməsi baxımından önəmlidir:

"Bu, sovet dönəmində mövcud olan yolun bərpasıdır".

Ekspertin fikrincə, İrəvan dəhlizin açılmasını ona görə istəmir ki, ərazisində rus hərbçisinin olmasında maraqlı deyil:

"Bu dəhliz əslində Ermənistanın izolyasiyadan çıxması üçün vacibdir. Ancaq Rusiya nəzarəti məsələsi ilə bağlı olaraq İrəvan hələlik dəhlizin açılmasına imkan vermir. Problemi bacarırsa, Rusiya özü həll etsin. Hər hansı bir qlobal layihədə iştirakla bağlı tələsik qərar vermək riskləri artırır".

Qeyd edək ki, 2020-ci ilin noyabrından bəri Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Lakin İrəvan dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçiriləcəyinə etiraz edərək, hələ də bu istiqamətdə real addım atmaqdan yayınır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->