Yer planetində günün uzunluğu düşündüyümüz qədər sabit deyil. Əsrlər boyu 24 saatlıq ritmlə yaşamışıq, lakin son tədqiqatlar göstərir ki, planetin fırlanması tədricən yavaşlayır və uzaq gələcəkdə bir gün 25 saat çəkə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Galaxy" yazıb.
Gün həqiqətən 24 saatdırmı?
Min illərdir insanlar vaxtı günəşin doğması və batması ilə uyğunlaşdıraraq 24 saatlıq günlə ölçüblər. Lakin əslində bir gün dəqiq 24 saat deyil. Yer kürəsinin öz oxu ətrafında bir dəfə dönməsi üçün lazım olan zaman - yəni ulduz günü - 23 saat 56 dəqiqə və 4 saniyədir. Bu kiçik fərq artıq illərdə 29 fevral əlavə edilməklə kompensasiya olunur.
Bildirilir ki, bu sabit kimi görünən sistem əslində dəyişkəndir.
Yer kürəsinin fırlanması heç vaxt tam sabit olmayıb. Qravitasiya təsirləri, daxili geoloji proseslər və atmosfer dəyişiklikləri planetin dönmə sürətinə təsir göstərir.
Yerin fırlanması niyə yavaşlayır?
Yerin fırlanma sürətinə həm daxili, həm də xarici qüvvələrin kombinasiyası təsir edir. Ən əhəmiyyətli amil Ayın qravitasiya təsiridir ki, bu da cazibə qüvvələri yaradır. Bu qüvvələr sürtünmə əmələ gətirir və nəticədə Yerin fırlanması tədricən, lakin davamlı şəkildə yavaşlayır.
Bununla yanaşı, Yer daxilində kütlənin yenidən paylanması – məsələn, nüvənin hərəkəti və buzlaqların əriməsi – də bu prosesə təsir edir. Eyni zamanda, Yer oxunun presessiyası (planetin meyillik bucağındakı yavaş dəyişikliklər) da bu prosesə, daha incə şəkildə olsa da, təsir göstərir.
Keçmişdə yer günü necə olub?
Minlərlə il əvvəl Yer daha sürətlə fırlanıb. Təxminən 4,5 milyard il əvvəl Ay formalaşanda bir gün cəmi 10 saat çəkirdi. Zamanla Ayın qravitasiya təsiri Yerin fırlanmasını yavaşlatdı və günlər tədricən uzanmağa başlayıb. Yer inkişafının ilkin mərhələlərində bir günün uzunluğu təxminən 19-20 saat olub.
Bu yavaşlama prosesi son 600 milyon ildir davam edir və görünən odur ki, bu proses hələ də dayanmaq niyyətində deyil. Bu gün yaşadığımız 24 saatlıq gün bu mürəkkəb və fasiləsiz prosesin nəticəsidir.
Zaman ölçüsündə yeni dövr
Yeni tədqiqatlara görə, gələcəkdə Yer günü 25 saata çata bilər. Alimlər planetin fırlanmasındakı ən kiçik dəyişiklikləri qeydə almağa qadir olan lazer cihazlarından istifadə ediblər.
Proqnozlara əsasən, təxminən 200 milyon il sonra bir günün uzunluğu əlavə bir saat artaraq 25 saat olacaq.
Bu potensial dəyişiklik həyatın Yer üzərində necə uyğunlaşacağı ilə bağlı maraqlı suallar doğurur. Zaman ölçmə sistemləri dəyişməlidirmi? Bioloji sirkadiyan ritmlərə necə təsir edəcək? Belə bir dəyişiklik həyat tərzimizi radikal şəkildə dəyişə bilər.
Aydın
Şərhlər