Xəbər lenti

Amal Abuşov
İdman 14:52 24.06.2025

"İmişli" AFFA-dan nəyi öyrəndi, necə öyrəndi?!

- Pulun var?
- Var, var.
- Pulun var, gələrəm!
- Bilirəm, gələrsən!
- Belə, belə yarımsan!
- Belə, belə canımsan! ("Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti)

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun bu ilin  oktyabrında 71 yaşı tamam olacaq. Məşqçi kimi qazandığı uğurların hamısı Portuqaliya millisinin adı ilə bağlıdır. Kriştiano Ronaldo kimi superulduzun çıxış etdiyi yığma komanda Santuşun baş məşqçi olduğu dönəmdə Avropa çempionatının və UEFA Millətlər Liqasının qalibi olub. Çoxları Ronaldonu hesabdan silməyə çalışsa da, onun bilavasitə iştirakıyla Portuqaliya millisi bir neçə gün bundan əvvəl Millətlər Liqasının qalibi oldu. Portuqaliya millisi yenə də uğurlu çıxış edir, Ronaldo komandaya fayda verir, amma Santuşun qazandığı sonuncu uğurun üzərindən 6 il keçib. 

Santuş nə Polşa millisiylə uğur qazana bildi, nə Yunanıstan. "Beşiktaş”dakı işi isə əməlli-başlı fiaskoyla yadda qaldı və qısa müddətdə İstanbul klubundan qovuldu. Fiasko Azərbaycan millisində də davam edir, onun rəhbərlik etdiyi millimiz 10 oyunda qələbə qazana bilməyib. İki oyunda uduzmamağımız zəif təsəllidən başqa bir şey deyil. Buna baxmayaraq, AFFA 71 yaşlı adamın ətəyindən yapışıb, ondan mədət umur. Bizim Ronaldomuz yoxdur ki, komanda yoldaşlarını başına toplaya, onları arxasınca apara. AFFA da bunu bilir, di gəl ki, inadından əl çəkmir. Bu gün AFFA-nın hansı rəsmisindən soruşsan ki, Santuş hansı keyfiyyətlərinə görə millimizdə çalışır, nə üçün ona inanmağa davam edirlər, cavab verə bilməyəcəklər. Canni De Byazi vaxtı da eləydi, Berti Foqtsun vaxtında da.

Dərd orasındadır ki, bu əcnəbi sevgisi təkcə məşqçilərlə yekunlaşmır. Digər sahələrdə də yerlilərə etimadsızlıq mühiti hökm sürür. AFFA futbolçularımızın səhhətini ukraynalı doktora həvalə edib. Milli komandalarımızın həkimi Vyaçeslav Xomenkodur. Azərbaycanlı həkimlər Almaniyada adlarından söz etdirir, amma burdan-bura AFFA öz həkimlərimizə güvənmir. Boris Xetaqurov, Faiq Hüseynov kimi mütəxəssislərimizin üzərindən xətt çəkiblər, onları heç yada salan yoxdur. Eyni qaydada sual versək, Xomenkonun hansı keyfiyyətlərinə və bacarığına görə bu posta layiq görüldüyünü soruşsaq, heç kim cavab verə bilməyəcək.

Yaxşı, AFFA bizim məşqçilərə, həkimlərə güvənmir. Qoy olsun. Daha televiziya rəhbərini xaricdən gətirmək nə deməkdir? AFFA-nın nəzarətində olan "CBC Sport”un baş direktoru türkiyəli Volkan Üstdür. Nə iş görür? "CBC Sport”un hansı özəlliyi var ki, onu bizdə heç kim bacarmaz? Çempionat oyunlarına 2-3 maşın texnika-kamera göndərirlər, bir də şərhçi. Şərhçilər də azərbaycanlı, operator və rejissorlar da. Bir də ara-sıra şablon futbol proqramları efirə çıxır ki, orda da danışanlar da özümüzkülərdir. Onlara türkiyəli Volkan bəyin rəhbərlik etməsinin elmi-fəlsəfi-texniki zərurəti nədir axı?! Söhbət təkcə cənab Üstün Azərbaycandakı fəaliyyətindən getmir. Az öncə qeyd etdiyim kimi, bizim futbolumuzda ümumiyyətlə, yerli mütəxəssislərə bir etimadsızlıq mühiti hökm sürür.

Klublarımız da onlardan öyrənirlər. Bu il elitaya yüksələn, nə normal stadionu, nə akademiyası olmayan, sabit maliyyə qaynağından belə məhrum "İmişli” Santuşun həmyerlisi Xorxe Kasqilyanı baş məşqçi təyin edib. 56 yaşına qədər Çexiyanın 3-cü liqa təmsilçisində çalışmağa macal tapan Xorxe özüylə üç mütəxəssis də gətirəcək. Onu uzaq Portuqaliyadan İmişliyə gətirən də bizim səxavətimiz, yəni ki, əcnəbilərə pul xərcləmək həvəsimizdir. Tellinin Vəliyə dediyi kimi, pulumuz varsa, Santuş da gələr, Xomenko da, Üst də, lap elə Kasqilya da. "İmişli” AFFA-dan öyrənməyə yaman tez başladı, gələcəkləri parlaq olacaq.

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->