Hər şey çox gözəl başlamışdı və o cür də davam edirdi. Azərbaycan klubları avrokuboklara möhtəşəm start vermişdi. Qitənin nüfuzlu futbol turnirlərində ardıcıl yeddi qələbə müstəqil Azərbaycanın futbol tarixində hələ olmamışdı. Özü də bu qələbələrdən düz altısını qapımızda qol görmədən qazanmışdıq. Xoşbəxt olmaq, gələcəyə ümidlə baxmaq üçün bundan yaxşı nə lazım idi? Qalırdı "Neftçi”nin bunun davamını gətirməsi. Amma biz saydığımızı saydıq, "Neftçi”nin rəhbərliyi, ukraynalı baş məşqçi, vecsiz legionerlər, "göylə gedən” yerli futbolçular başqa şey saydılar. Bizi evimizin içində rəzil edib, bayram əhvalımızı korladılar.
"Neftçi” və ona könül verənlər hər dəfə "xalq komandası” adına iddia edirlər. İsbat etməyə çalışırlar ki, Azərbaycanın ən qocaman klubu onlar olduğuna görə xalqın komandası adı da "Neftçi”nin haqqıdır. Belə "xalq komandası” olar? Bu yaxınlarda "Neftçi”nin məşqindən çəkilmiş reportaja baxırdım. Cenk Sümer Fatih Terim kimi türkcə bir şeylər deyib, futbolçuları qaza gətirməyə çalışırdı. Onun dediklərini bir tərcüməçi ingilis dilinə, digəri portuqalcaya tərcümə edib, legionerlərə çatdırırdı. Kənarda da Zaur Əzizov Yuri Vernidubun qulağına bir şeylər pıçıldayıb, Sümerin sözlərini tərcümə etməyə çalışırdı. Harda belə "xalq komandası” görülüb?
"Xalq komandası” adına iddia edənlər dünən axşam bu xalqın qanını yenə qaraltdı. Rza Cəfərovun oyundan sonra narazı azarkeşlərə hücum etməyə çalışdığı səhnəyə baxıram. Gənc qapıçıya ürəyim ağrayır. Dünən nə onun, nə də Emil Balayev günü deyildi. Amma neynəsinlər? Qapıda onlar dayanmışdı. İndi bütün qolların günahkarı onlar elan olunacaq. Adi vəziyyətdə topu rəqibə verən, rəqibin qapısı qarşısında topu göyə uçuran, bu fərsiz və sərsəm hərəkətlərinin qarşılığında milyonlar qazanan əcnəbilər bir kənarda qalacaq. Onlar burda günlərini keçirib, bank hesablarını dolduracaqlar. Bizə, Emilə, Rzaya isə əsəb, söyüş və təhqir eşitmək qalacaq.
Cəmi bir həftə əvvəl dəyərli oxucularımıza "Neftçi”nin hazırlığından yazmışdım. Əminliklə bildirmişdim ki, yoxlama oyunlarındakı gördüklərimiz, transferlərin yetərsizliyi, təlim-məşq toplanışının boşa verilməsi heç də yaxşı şeylər vəd etmir. Min təəssüf ki, necə demişdimsə, elə də oldu. Dağ boyda Vernidub oyundan sonrakı mətbuat konfransına çıxıb bizə nağıl danışır. Adamın dedikləri "Neftçi”nin qapısına vurulan qolların izahıdır. Guya ki, biz oyuna baxmamışıq, yaxud da ayrı-ayrı epizodları təhlil edib, rəqibin necə qol vurduğunu anlaya bilmirik. Yurini də odlu-alovlu Ukraynadan bura ona görə gətiriblər ki, qapımıza vurulan qolları bizim üçün təhlil etsin.
O təhlillər daldan atılan daşdır, cənab Vernidub. Sizli-bizli hamımızın təpəsinə dəydi. Evimizin içində rəzil-rüsvay olduq. "İlk oyunu uduzan məşqçini istefaya çağırmazlar” deyirsiz. Heç kim sizi istefaya çağırmır. Görünən kənd gözümüzün önündədir. Gez-tez özünüz istefa verib, Ukraynaya dönmək məcburiyyətində qalacaqsız. Çünki sizin də istifadə müddətiniz bitdi. Siz keçən mövsüm "Neftçi” rəhbərliyini bataqlıqdan çıxarmaq üçün lazım idiniz, onları bir mövsümlük xilas etdiniz.
45 yaşlı belarus mütəxəssis Aleksandr Şaqoyko Bakıdakı möhtəşəm qələbəni uzun müddət unutmayacaq. Onunla yanaşı erməni Karen Vardanyan, qırğız Gulzigit Alykulov üçün də "Neftçi” ilə oyun unudulmaz bir xatirəyə çevriləcək. Yaxşı ki, "Dinamo”nun heyətində fərqli millətlərin nümayəndələri elə də çox deyildi, hamısı Bakıdan qol xatirəsi ilə ayrıla bilərdilər. "Neftçi” dünən axşam bütün qonaqlara öz səxavətini göstərib, gəlmələri sevindirdi. Necə ki, mövsüm ərzində də öz qoynundakı əcnəbiləri bəsləyib, sevindirir. "Neftçi”nin sevindirmədiyi təkcə Azərbaycan xalqı və komandanın sadiq azarkeşləridir. Siz deyin, belə "xalq komandası” olar?!
Amal Abuşov
Şərhlər