Xəbər lenti

Oğurlanmış 15 ukraynalı uşağın Rusiyadan inanılmaz qaçış hekayəsi - BBC yazır
Dünya 10:33 31.07.2023

Oğurlanmış 15 ukraynalı uşağın Rusiyadan inanılmaz qaçış hekayəsi - BBC yazır

Rusiyalılar Nikolayev vilayətinin Novopetrovka kəndini tərk edərkən işgəncələrə məruz qalan sakinlərin cəsədlərini qoyub getdilər. Evləri, mağazaları qarət etdilər, pul və telefonları apardılar. Uşaqları da özləri ilə götürdülər.

2022-ci il iyulun 15-də Rusiya hərbçiləri Novopetrovkadan olan 15 məktəblini maşınlara mindirərək oradan uzaqlaşıblar.

Beləliklə, bir neçə min kilometrlik uzun və məcburi səyahət başladı.

Dnepr və Azov dənizi vasitəsilə, qayıqlarda, avtobus və qatarla uşaqlar Rusiyaya aparıldı.

Tammiqyaslı işğalın başlanğıcından bəri, Ukrayna hakimiyyətinin məlumatına görə, rusiyalılar 19 mindən çox uşağı ilhaq edilmiş Krıma və Rusiyaya zorla köçürüblər.
Bu hekayə onlardan 15-nin necə qaçmağı bacarmasından bəhs edir.

Novopetrovka. İşğalın əvvəli

Novopetrovka Ukraynanın cənubunda çiçəklənən bağları, istixanaları və təsərrüfatları olan kiçik bir kənddir. İşğaldan əvvəl orada minə yaxın insan yaşayırdı. Kənddə mağazalar və uşaq bağçası, poçt şöbəsi və iki məktəb var.

Bir məktəb ixtisaslaşdırılmışdı, burada 100-ə yaxın uşaq yaşayır və təhsil alırdı. Onların arasında yetim və valideynləri valideynlik hüququndan məhrum edilmiş uşaqlar da olub.

2022-ci ilin fevralında Rusiya ordusu Krımdan sürətlə Ukraynanın cənubunda irəlilədi. Martın əvvəlində rusiyalılar Xersonu tutdular və az qala Nikolayevə çatdılar. Bu iki vilayət mərkəzi arasında yerləşən Novopetrovka kəndi işğal altında idi.

İlk atışmalar başlayanda uşaqların bir qismini qohumları məktəbdən götürdülər. Amma hamısı deyil. Kiminsə ata-anası öldü, kiminçünsə gələ bilmədilər.

Beləlikə, işğal altında olan kənddəki məktəbdə 15 uşaq qaldı - 11 oğlan, 4 qız. Ən kiçik Nazarın 8, ən böyüyü Yuliyanın 17 yaşı var idi.
Məktəb direktoru Natalya Lutsik və həyat yoldaşı Valeri Mandzyuk onlara baxmaq üçün məktəbə köçdülər.

İşğal. "Unutmayın, uşaqlar, müharibə pis şeydir"

Novopetrovka rusiyalıların nəzarəti altına keçəndən sonra yerli sakinlərdən telefon və maşınları aldılar, qiymətli əşyalar və silah axtarışı adı ilə evləri qarət etdilər. ATO (antiterrot əməliyyatı – red.) üzvlərini axtarırdılar.

Rusiya işğalı zamanı kənddə insanlar həlak olurdu. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, qətlə yetirilən üç şəxsin meyitlərində işgəncə izləri olub.

Martın 24-də kuzovun üzərində Z hərfi olan avtomobil uşaqların qaldığı məktəbin ərazisinə daxil oldu. İçəridə maskalı silahlı adamlar var idi.
"Onları görəndə çox qorxdum. Danışa bilmirdim. Dedilər ki, burada uşaq evi olduğunu bilərək uşaqlara şirniyyat gətiriblər. Mən baxdım və anladım ki, bunlar bizim qarət edilmiş mağazalarımızdan Ukrayna şirniyyatlarıdır”, - Natalya Lutsik danışır. — Hərbçi maşından düşüb uşaqları gətirməyi əmr etdi. Ona dedim ki, silahı yerə qoy, onları qorxutma. Sözümü eşitdilər. Uşaqları çağırdım”.

Üzü maska ilə örtülmüş rusiyalı hərbçi uşaqlara şirniyyat payladı və dedi: "Uşaqlar, unutmayın, müharibə pis şeydir".

Aylarla davam edən işğal dövründə məktəbə xeyli rusiyalı hərbçi gəlirdi. İstənilən vaxt içəri girib uşaqların hansı kitabları oxuduğunu yoxlayırdılar. Bəzən ərzaq gətirirdilər. Fərqli formalarda və fərqli şevronlarla idilər, heç vaxt adlarını və rütbələrini demirdilər.

Direktora dedilər ki, uşaqları Novopetrovkadan çıxarmaq lazımdır. Natalya Lutsik cavab verdi ki, uşaqlar evlərindən heç yerə getməyəcəklər.
Gündüzlər uşaqlar dərs oxuyur, oynayır, hətta bağça-bağ salırdılar. Gecələr zirzəmidə yatmağa gedirdilər. Onlar atışma zamanı orada gizlənirdilər. Cəbhə xətti çox yaxın idi.

Kənddə tez bir zamanda elektrik enerjisinin və suyun verilməsi dayandı. Odun üzərində yemək bişirilir, quyudan su daşınırdı.

"Suya qənaət edirdik. Çimirdik, sonra isə həmin suda paltarlarımızı yuyurduq. Hava isindikdə oduna qənaət etmək üçün suyu günəşdə qızdırırdıq. Həmin su ilə güllər suvarılırdı. Müharibə zamanı hətta çiçəklər də gül açırdı”, - Natalya Lutsik deyir.

2022-ci ilin yazında, əvvəllər olduğu kimi, məktəbin yaxınlığında baxça saldıq - kartof, soğan, lobya, xiyar və balqabaq əkdik. Yayda ilk məhsulu yığdıq.

"Ruslar gəlib təəccübləndilər ki, gülləbaran altında burada bağça salırıq. Gündəlik rejimimiz, menyumuz var idi. Bizim sağ qalmaq planımız vardı, - direktor deyir. - Onda mən güclü qadın idim və ağlamırdım, çünki ətrafımda uşaqlar var idi. Mən onlara hər zaman deyirdim ki, hər şey yaxşı olacaq”.

Bizə işğaldan danışan Natalya ağlayır.

Qaçış cəhdi. Dindirmə

Rusiyalıların sürətli irəliləyişi və böyük müharibəyə az adamın inanması səbəbindən bir çox Ukrayna internat məktəbi işğal olunmuş ərazilərdə qaldı.

Uşaqları Novopetrovkadan Ukraynanın nəzarətində olan əraziyə aparmağa çalışıblar, lakin bunu etmək asan olmayıb – yollar atəşə tutulurdu, ətrafdakı ərazilər minalanmışdı.

2022-ci ilin yayında məktəbdəkilər qaçmağa çalışdı, lakin alınmadı. Rusiyalı hərbçiləri bundan xəbər tutdular və qəzəblə məktəbə girdilər.

"Biri koftamdan tutub silkələməyə başladı. O, avtomatı ilə yerə vurub qışqırırdı: "Sən kimsən ki, uşaqları harasa aparasan?”

Natalyanı dindirməyə apardılar.

"Elə bilirdim ki, məni güllələyəcəklər. Bu qaçış cəhdinə görə məni çox hədələdilər”.
 

 
15 yaşlı Lidiya rus hərbçilərinin direktoru apardıqları anı dəhşətlə xatırlayır: "Biz zirzəmidə gözləyirdik, narahat idik. Natalya Vladimirovna bir neçə saat idi ki, yox idi. Onun başına nə gəldiyini bilmədiyimiz üçün ağlayırdıq. O, azadlığa çıxanda biz də çox sevindik, ağladıq”.
Natalya Lutsikin fikrincə, həmin an rusların uşaqları Novopetrovkadan çıxarmaq qərarında çox güman ki, dönüş nöqtəsi oldu.

Oğurluq. "Elə bilirdim ki, güllələnəcəyik”

2022-ci il iyulun 15-də onlarla silahlı hərbçinin olduğu maşınlar məktəbə daxil oldu, onların arasında yerli işğal administrasiyasının nümayəndəsi İvan da var idi.

"Bu adam [İvan] mənə nifrət edir, mən də ona nifrət edirəm. Həyətin ortasında görüşürük. Deyir: "Biz sizin uşaqlarınızın dalıyca gəlmişik”. Deyirəm ki, mən sizə uşaq verməyəcəyəm”.

Beləliklə, onlar bir müddət üz-üzə dayandılar - Ukrayna məktəbinin direktoru və Rusiya hərbçiləri.

"Bu, dəhşət idi. Hərbçilərə yalvarırdıq ki, bizi aparmasınlar. Ağlayırdıq. Biz öz məktəbimizdə qalmaq istəyirdik”, – Natalyanın şagirdlərindən biri olan 14 yaşlı Daşa danışır.

"Uşaqları maşınlara doldurdular. Dəhşət idi. Bu elə bir səhnə idi ki, yadıma düşəndə ürəyim ağrıyır. Hamımız hönkür-hönkür ağlayırdıq. Amma biz nə edə bilərdik ki? Onlar avtomatla idilər”, - həmin günü kənddə qalan xüsusi məktəbin tərbiyəçisi Oksana Qorelko xatırlayır.
Rusiyalılar bütün bunları telefonlarla çəkirdilər.

Daha sonra Rosqvardiyanın Teleqram kanalında əllərində yumşaq oyuncaqlar tutan qorxmuş uşaqların silahlı əsgərlərin nəzarəti altında maşına mindiyi video yayıldı. Videoda maskalı rusiyalı hərbçi deyir ki, Novopetrovkada uşaqları Ukrayna Silahlı Qüvvələrinin atəşindən xilas ediblər.

"Bizi aparan gün ağlayırdım və heç nə görmürdüm. Düşündüm ki, bizi güllələyəcəklər”, - Natalya Lutsik deyir.

14 yaşlı Daşa və daha iki qızı hərbçilərin maşınına otuzdurdular: "Onlarla eyni maşında olmaq qorxulu idi. Maşınla gedirdik, ətrafımızdakı tarlalar yanırdı. Sonra bir rus qınaqla deyir: "Heç yanğını söndürən də yoxdur”.

Stepanovka. "Sizin barənizdə hər keçid məntəqəsində məlumatlıdırlar”

Uşaqlar Xerson rayonunun Stepanovka qəsəbəsinə, rusiyalılar tərəfindən işğal olunmuş ərazilərin dərinliklərinə gətirildi. Həmin yay, cəbhə xəttində olan Novopetrovka ilə müqayisədə orada demək olar ki, sakitçilik idi.

Stepanovkadakı sosial-psixoloji reabilitasiya mərkəzi, həyəti və qızılgüllər bitən bağı, futbol meydançası və idman meydançası olan ikimərtəbəli ev uşaqların müvəqqəti sığınacağına çevrildi.

Burada Novopetrovkadan olan uşaqlar üç ay keçirdilər. Heç kim görməyəndə ukrayna mahnılarına qulaq asırdılar, sarı-mavi bayraqlar çəkirdilər, Ukrayna dərslikləri ilə dərs keçirdilər.

Ruslar Natalyaya xəbərdarlıq etdilər ki, qaçmaq haqda düşünməsin. Ətrafda çoxlu rus hərbçiləri və onlarla əməkdaşlıq edən yerli əhali var idi.
"Hər keçid məntəqəsində bizim haqqımızda məlumatlı olduqlarını dedilər. Təhdid edirdilər. Orda qalsaydıq, bizimkiləri görərdik. Uşaqlar hər gün əsgərlərə baxıb bizimkiləri axtarırdılar”, - deyə Natalya xatırlayır.

Lakin Xersonun azad edilməsinə bir neçə həftə qalmış onları Rusiyaya deportasiya etdilər.

İkinci oğurluq. Yığışmağa 10 dəqiqə

Stepanovkadakı mərkəzin direktoru Volodimir Saqaydak xatırlayır: "Mən anlayırdım ki, onları rahat buraxmayacaqlar və gec-tez aparılacaqlar".
Oktyabrın 19-da maşınlar mərkəzə yaxınlaşdı. Birindən sarışın bir qadın çıxdı və özünü "Xerson Təhsil şöbəsindən Yevgeniya” kimi təqdim etdi. Uşaqlara getməyi əmr etdi.

"Biz dedik ki, bizi heç yerə aparmağa ehtiyac yoxdur. Burada özümüzü yaxşı hiss edirik, amma heç kim bizi dinləmədi", - Natalya Lutsik danışır.

Yevgeniya telefonu Natalyaya ötürdü. Sərt kişi səsi dedi: "Yığışmağa 10 dəqiqə. Müqavimət olsa, hərbçilər gələcək, söhbət başqa cür olacaq”.
Həmin şəxs özünü "Xerson vilayətinin gənclər siyasəti, ailə və idman nazirinin müavini” kimi təqdim etsə də, adını açıqlamadı.

Natalya xatırlayır ki, onlar tələsik yığışdılar, əşyalar zibil torbalarına və yastıq üzlüklərinə yığdılar. Uşaqlar hazırlaşarkən Yevgeniya mərkəzin bütün otaqlarını dolaşaraq kiminsə gizlənib-gizlənmədiyini yoxlayırdı.

Beləliklə, uşaqlar əllərində yastıq üzlükləri və zibil torbaları ilə yola düşdülər.

Natalya həmin anı belə xatırlayır: "Bizi hara apardıqlarını və başımıza nə gələcəyini heç kim bilmirdi. Stepanovkada hamı ağlayır, Yevgeniya və sürücü gülümsəyirdi. Maşında başa düşdüm ki, ərimin başmaqları ilə gedirəm.
 
 

Dneprdən keçid

2022-ci il oktyabrın sonunda Ukrayna qoşunları işğal olunmuş Xersona yaxınlaşırdı. Rusiya işğal administrasiyası şəhərdən evakuasiya, əslində məcburi köçürmə elan etdi.

Ruslar və onlara dəstək olanlar bütün mümkün vasitələrlə sol sahilə qaçırdılar. Bəzən yerli sakinlərdən oğurlanan qayıqlarla.
Axşam Natalya, Valeri və 15 uşaq Xerson yaxınlığındakı Dnepr sahilinə endilər.

Bundan sonra Yevgeniya bizimlə getmədi. Sahildə əlində bir şüşə pivə olan cins şalvarlı bir kişi dayanmışdı və keçid zamanı onları müşayiət edəcəyini söylədi. Onun yanında silahlı adamlar da var idi. Hamıya qayıqlara minmək əmri verildi.

Dnepr bu yerdə çox genişdir. Çaydan keçid uzun müddət çəkdi. Oktyabrın ortaları, axşam, soyuq hava, - uşaqlar keçidi xatırlayırlar.

"Dalğalar böyük idi. Qayıqlar isə köhnə və paslı. Biz hər zaman aşacağımızdan qorxurduq”, - Natalyanın şagirdlərindən biri olan 15 yaşlı Lida deyir.

Krım körpüsündən keçən yol

Sonra onların hamısı avtobusla Krımın şimalındakı Cankoy dəmir yolu stansiyasına aparıldı.

"Krımda yanımızda artıq əli silahlı olan insanlar yox idi. Kaş ki, Cankoyda qaça biləydik. Ancaq 15 uşaqla, heç bir əlaqəmiz olmadan qaçmağa yerimiz yox idi”, - Natalya deyir.

Krımdan onları qatarla Krım körpüsü vasitəsilə zorla Rusiyaya göndərdilər.

"Mən heç getmək istəmirdim, bacarsaydım, o qatardan atılardım. Biz evə getmək istəyirdik”, – Daşa Rusiyaya gedən yol haqqında danışır.
Natalya qatar bələdçisindən telefon istəyib və yaxınlarına sms göndərib: "Sağ-salamatıq. Rusiyaya aparırlar”.
 


Uşaqları Rusiyadan buraxmırdılar

Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova bəyan edib ki, istədikdə, ukraynalı uşaqlar evlərinə təhlükəsiz gedə bilərlər. Ukraynadan verilən rəsmi məlumata görə, oğurlanmış 19 mindən çox uşaqdan yalnız 380-i geri qayıda bilib.

Novopetrovkalı uşaqlar da Rusiyanı elə-belə tərk edə bilməzdilər. Onların qaçmasının təşkili çox səy və uzun hazırlıq tələb edib.
Bu, dəqiq planı, xüsusi hazırlanmış sənədləri və gizli görüşləri olan əsl xüsusi əməliyyat idi.

Əməliyyat iştirakçılarının bəziləri ukraynalı uşaqların qaçmasına kömək etdiklərini belə bilmirdilər.

BBC bilərəkdən Natalya və himayəsində olan uşaqların Rusiyadan qaçması təfərrüatlarını təqdim etmir ki, onların təhlükəsizliyinə və oxşar vəziyyətə düşən digər ukraynalı uşaqların təhlükəsizliyinə xələl gətirməsin.

Rusiyadakı sanatoriyalarda hələ də qayıtmaq üçün köməyə ehtiyacı olan ukraynalı uşaqlar ola bilər.

Sanatoriya. "Uşaqlar Ukrayna haqqında danışmamalıdır”

Uşaqların gətirildiyi sanatoriya adi sovet tipli uşaq müəssisəsi idi, Rusiyada yüzlərlə beləsi var. Binaların ətrafında geniş yaşıllıq sahəsi, xalçalarla örtülmüş uzun dəhlizləri, yeməkxanası var. Natalya, Valeri və uşaqlar bir-birindən uzaq olmayan otaqlara yerləşdirildi.

Natalyanın sözlərinə görə, 2022-ci ilin noyabrında bu müəssisədə Ukraynadan - Xerson vilayətinin Skadovski rayonundan, Geniçesk və Oleşkidən olan 500-ə yaxın uşaq var idi.

"Mən ukraynalı müəllimlərin sanatoriyanın rəhbərliyinə evə buraxılmadıqları üçün necə şikayət etdiklərini eşidirdim. Oğlanın atası tərəfindən götürülməsi üçün yalvardığını eşitdim. Evə getmək istəyən belə uşaqlar çox idi”.

Rusiya sanatoriyasına gələndə novopetrovkalı uşaqların üzərində "Ukrayna” yazılmış idman kostyumları vardı və 15 yaşlı Saşa yerli tərbiyəçilərə Ukraynanın necə yaxşı olduğunu söyləməyi xoşlayırdı.

Bir neçə belə söhbətdən sonra rusiyalı tərbiyəçilər Natalyadan bunu dayandırmağı xahiş etdilər - uşaqlar Ukrayna haqqında danışmamalı, mavi və sarı simvollar taxmamalıdırlar. Sanatoriyanın işçiləri Natalyaya bildirdilər ki, onların müəssisəsi "siyasətdən kənardır”.

"Rusiyada biz özümüzü çox ehtiyatlı aparırdıq. Başqa uşaqlarla demək olar ki, danışmırdıq. Anlayırdıq ki, burada hamı Rusiyayönlüdür. Onlara nə deyə bilərdik ki?” — 14 yaşlı Daşa danışır.

Uşaqlar tez-tez Natalyanın otağına toplaşaraq Ukraynadan gələn xəbərləri gizli dinləyirdilər. Noyabrın ortalarında kəndləri Novopetrovka və Xersonun azad edilməsi barədə belə xəbər tutdular.

"Çox sevindik, çox ağladıq. Amma ucadan sevinmək olmazdı. Yalnız sakitcə”, - deyə 15 yaşlı Lida o anı xatırlayır. 

Qaçış. "Dua edirdik ki, hər şey alınsın”

Rusiyada Natalya uşaqları onun əlindən alacaqlarını daim hiss edirdi. Buna görə də, sanatoriyada qaldıqları ilk gündən əri ilə birlikdə qaçmağı planlaşdırdılar - ərazini və perimetrin təhlükəsizliyini, giriş və çıxış qaydalarını araşdırdılar.

"Zarafat edirdim ki, ərimlə mən kəşfiyyatçıyıq" - deyə Natalya xatırlayır.

Kömək edə biləcək insanlarla əlaqə saxladılar. Sənədləri hazırladılar. Natalya Lutsik xüsusi məktəbin direktoru kimi işğalın əvvəlinə olan vəziyyətə görə uşaqların rəsmi himayəçisi olub.

Natalya xatırlayır ki, hər şey hazır olanda və avtobus uşaqların dalıyca gələndə hamı əl-ələ tutdu.

"Dua edirdik ki, hər şey alınsın, bizi geri qaytarmasınlar. Çox şadam ki, bizi oradan apardılar", - deyə Daşa həmin səfər haqqında danışır.

Gürcüstan. "Rahatladıq"

Noyabrın sonunda Novopetrovkadan olan uşaqlar Tbilisiyə gəldilər.

"Gürcüstan yolu xoşbəxtlik yolu idi. Ağlayırdıq, bütün bu gözəlliyi, dağları çəkirdik. Biz burada rahatladıq”, - Natalya deyir.

Gürcüstanda Rusiyadan olan qaçaqlara könüllülər yardım ediblər. Uşaqlar tərbiyəçilərlə birlikdə şəhərin kənarında rahat evdə yaşayırlar. Dərs oxuyurlar, oynayırlar və ekskursiyalara gedirlər. Bu yaxınlarda Gürcüstanın prezidenti onları ziyarət edib. 
 


Natalyanın şagirdlərindən biri Yuliya müharibə ərəfəsində övladlığa götürülsə də, valideynləri, ABŞ vətəndaşları onu götürməyə çatdırmayıblar. Gürcüstanda nəhayət ki, övladlığa götürdükləri qızı görüb evlərinə apara biliblər.

Biz bu hekayəni Natalyanın gərgin iş qrafikinə çətinliklə sıxışaraq keçən qış lentə aldıq - o, uşaqlar üçün məktəb təşkil edir, yemək bişirir, həkimlərə aparır.

"15 uşaq sahibi olmağın nə olduğunu təsəvvür edə bilərsinizmi?" - qadın gülür. Onun öz oğlu artıq yetkindir və Ukraynada yaşayır.
Natalya özü də Ukraynaya qayıtmağı xəyal edir.

Qayıtmağa yer varmı?

Döyüşlər nəticəsində Novopetrovkada 30-dan çox ev dağılıb. Amma uşaqların yaşadığı məktəb salamat qalıb - istilik və işıq var.

Azad etmədən sonra insanlar artıq qışda kəndə qayıtmağa başladılar, kəndxuda Valentina Kasapa BBC-yə danışır. Ancaq bu yaxınlarda Kaxovka su elektrik stansiyasının partlaması nəticəsində Novopetrovkanın da daxil olduğu Snigirevski icmasının böyük bir sahəsi su altında qalıb.

Ukraynanın cənubunda bir çox yerlərdə olduğu kimi regionda da içməli su ilə bağlı problemlər var. Bu ərazilər də Rusiya qoşunları tərəfindən mütəmadi olaraq atəşə tutulur.

Novopetrovka xüsusi məktəbinin uşaqlarının daha sonra harada yaşayacağı hələlik məlum deyil.

"İndi bizim taleyimiz məmurların əlindədir. Hələlik biz Gürcüstandayıq. Bura sakitdir. Uşaqlar bir az sakitləşiblər, amma əvvəllər atəşfəşanlıqdan və digər kəskin səslərdən çox qorxdular", - deyə Natalya Lutsik bildirir. 

Niyə belə edirlər?

Rusiyalılara bu qədər ukraynalı uşaq nəyə lazımdır? Onların Ukraynadan deportasiyası niyə belə kütləvi hal alıb? Və onlarla nə etməyi planlaşdırırlar?

Rusiya rəsmiləri uşaqları müharibədən xilas etdiklərini bildirirlər. Bu xilası heç kim istəməsə belə.

"Heç yerə getmək istəmədik, amma bizi məcbur etdilər. Nə üçün? Bir şəkil xatirinə, bizi xilas edib qayğı göstərdiklərini göstərmək üçün. Amma nədən xilas edirlər? – Natalya Rusiyaya gedən uzun yolu xatırlayaraq deyir.

Bu yaxınlarda Rusiya ukraynalı uşaqlar üçün vətəndaşlığın dəyişdirilməsi prosedurunu sürətləndirib. Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Mariupoldan olan oğlanı himayəsinə götürüb.

"Hamı yaxşı başa düşür ki, bu evakuasiya deyil, deportasiyadır. Onlar ukraynalı uşaqları geri qaytarmaq fikrində deyillər”, - deyə Ukrayna prezidentinin uşaq hüquqları üzrə komissarı Darya Gerasimçuk BBC-yə bildirib.

"Uşaqlar onların nəyinə lazımdır? Köklərindən ayırmaq, deportasiya etmək, hərbi əsirlərlərlə dəyişmək”, - Stepanovkadan olan Volodimir Saqaydak deyir.

Natalya Lutsik qorxurdu ki, Rusiyada uşaqlar ondan alınıb uşaq evinə veriləcək. Buna görə də qaçmaq üçün hər şeyi etdi.

"Krım körpüsündən keçərkən məndə elə bir hiss var idi ki, sanki ruhumu çıxarırlar. Hönkür-hönkür ağlayırdım. Uşaqlara izah edirdim ki, bizi iradəmizə zidd olaraq Rusiyaya aparırlar, amma hər şey yaxşı olacaq, çünki biz hər zaman qaça bilərik”, - Natalya deyir.

O deyir ki, həyatda həmişə bir plana sahib olmaq lazımdır - yemək olması üçün bağça salmaq və sağ qalmaq üçün bir qaçış planı qurmaq lazımdır.

Deyəsən onun planı baş tutdu.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->