Xəbər lenti

Şamları niyə üfürürük?
Murad KÖHNƏQALA
Ölkə 11:35 28.01.2025

Şamları niyə üfürürük?

Ötən həftə dostum məni 10 yaşlı oğlu Turqutun ad gününə dəvət etmişdi. Tədbir restoranın xüsusi bəzədilmiş  kiçik bir zalında keçirilirdi. Baxdım ki, Turqutun 10-a yaxın sinif yoldaşı da öz valideynləri ilə birlikdə bu unudulmaz məclisdə əyləşiblər. Məclis musiqili, əyləncəli və şən keçirdi. 

Uşaqlar tez-tez qalxıb müxtəlif oyun havalarına oynayır, atılıb-düşürdülər. Məclisin aparıcısı kloun libası geymiş maraqlı bir tamada idi. Mən "yubilyarın” atası ilə eyni stol arxasında əyləşmişdim. Hər ikimiz tamadanın peşəkarlığından, məclisi şən idarə etməsindən danışıb onu tərifləyirdik. Tamadanın gözəl şeir deməyi, ciddi yumoru və anındaca ssenari qurmaq bacarığı vardı. 

Nəhayət, Turqutun dünyaya gəlişi elan olundu, zalın əsas  işıqları söndü və üstünə 10 şam taxılmış gözəl, dadlı bir tortu məclisin ortasına sürdülər. Məclisin aparıcısı xüsusi bir təmtəraqla Turqutu, anasını və "yubilyarın” dostlarını tortun ətrafına dəvət etdi. Və ucadan söylədi: "İndi səbəbkarın anası şamları yandırsın!” Turqutun anası xoşbəxtcəsinə şamları bir-bir yandırdı. Ətraf şam işıqlarından gözəlliyə qərq oldu. Tamada davam elədi: "İndi isə Turqut bəy bir nəfəsə bu şamları söndürəcək!” 

Turqut dostlarının arasından irəli çıxıb torta yaxınlaşdı və dərindən nəfəs alaraq üfürüb şamları söndürdü. Hamı əl çalıb "yubilyarı” alqışladı, işıqlar yandı. 

Tamada yenidən davam elədi: "İndi isə səbəbkarın sevimli anası bu şadlıq tortundan və öz sevincindən oğlunun dostlarına pay verəcək!” 
Turqutun anası tort bıçağını əlinə götürənə qədər özümü onlara çatdıraraq "dayanın!” deyib əllərimi qaldırdım. Fövqəladə hadisə baş verirmiş kimi hamı həyacanla durduğu yerdə tərpənməz qaldı. Üzümü tamadaya tutub dedim: "Şamları üfürməzdən əvvəl Turquta nəsə xatırlatdınmı?” 
Tamada bəzəkli kloun burnunu əli ilə düzəldib "Yooox!” dedi. Dedim, bax, burda balaca bir səhvə yol vermisiniz. Sonra mikrofonu götürüb bizə uzaqdan maraqla baxan Turqutun atasını yanıma dəvət etdim. Və atasından soruşdum: "Sən bilən, Turqut şamları söndürməzdən qabaq nə etməli idi?” Atası çaşqınlıq içində: "Nə bilim, dəqiq deyə bilmərəm” - söylədi. 

Bütün məclis maraqla bizə baxırdı. Anasından soruşdum, o da belə cavab verdi: "Bilmirəm, yəni, söndürməzdən əvvəl nəsə eləməli idi ki?”  
Mənsə elə bilirdim bu ənənənin gizlin tərəfini hamı bilir. Çönüb uşaqlardan da soruşdum: "Uşaqlar, Turqut şamları üfürməzdən əvvəl nə etməli idi?” 

Uşaqlar təccüblə biri-birinin üzünə baxdı, heç biri heç nə deyə bilmədi. 

Sonra üzümü məclisə tutub soruşdum: "Əziz dostlar, bəs, sizdən kimsə bilirmi, Turqut əvvəlcə neyləməli idi?” 

Oturanlardan da bir cavab gəlmədi.  

Qayıdıb dedim: "Ey gözəl insanlar! Doğum günü şamlarını üfürüb söndürmək mərasimi min illərin adət-ənənəsidi. Bir adam ad günü şamlarını söndürməzdən əvvəl  ömrünün növbəti ilində həyata keçirmək istədiyi bir arzusunu ürəyində tutmalıdı. Həmin arzunu ürəyində tutaraq onun eşqi ilə şamları üfürüb bir nəfəsə söndürməlidi. Bu inancda deyilir, ad günü şamlarını bir nəfəsə söndürürsən və keçmişləri arxada qoyaraq yeni həyata başlayırsan. Şamları bir nəfəsə söndürərsənsə ürəyində tutduğun arzun mütləq çin olur. Beləcə, həyatda arzudan-arzuya irəliləyirsən. 

Bu inancda bir məqam da var, insan yaşa dolduqca şamların sayı artır və onları bir nəfəsə söndürmək mümkün sayılmır. Odur ki, insanın ixtiyar yaşlarında bu rəqəmləri yuvarlaqlaşdırırlar. Məsələn, 60 yaşlı bir kişi əlbəttə, 60 dənə şamı bir nəfəsə söndürə bilməz, buna görə onun yubiley tortuna 6 dənə şam qoyulur. Beləcə, 60 yaşlı ixtiyar ürəyində tutduğu arzu ilə şamları üfürüb  söndürə bilir və bu hal onda yeni ümidlər yaradır, həyat eşqini artırır. 

Qədim ənənəyə görə Novruz bayramında (Qout bayramında)  tonqalın üstündən atlanan adam da mütləq qarşıdan gələn yeni il üçün ürəyində arzu tutmalıdı. Oxşar inanclar çoxdu, məsələn, bizim adamlar pirlərə hədiyyə bağlayıb ürəyində arzu tuturlar, xristianlar da kilsədə şam yandırıb hansısa arzusunun çin olmasını diləyirlər”.  

Söhbətimin bu yerində Turqut pencəyimin ətəyini çəkərək məni özünə əyib qulağıma dedi: "Əmi, indi mən ürəyimdə bir arzu tutub şamları təzədən söndürə bilərəmmi?” Dedim, əlbəttə, oğlum! 

Və mikrofonda elan elədim: "İndi isə, Turqut balanın sevimli anası onun şamlarını yandıracaq! Turqut bəy yeni yaşı üçün ürəyində bir arzu tutub şamları söndürərək 10 yaşını arxada qoyacaq!” 

Anası şamları yenidən yandırdı, Turqut irəli çıxıb yenidən tortun yanında dayandı. Mən bu təkrarı mikrafonda zarafatla belə elan elədim: "Kamera, Mator!!!”  

Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->