Naxçıvanda 60 yaşlı Qafarova Zümulə Həsən qızının ölümünə görə həbs edilən Elbəyi Rəhimovun apellyasiya şikayətinə baxılıb.
Qaynarinfo xəbər verir ki, şikayət apellyasiya instansiyası rolunu oynayan Naxçıvan MR Ali Məhkəməsində araşdırılıb.
Hakim Fərman Abbasovun sədrliyi ilə keçən prosesdə Elbəyi Rəhimovun şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilib. Elbəyi Rəhimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 49 gün həbsdə qalması nəzərə alınaraq üzərində qəti olaraq 2 il 2 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Zümulə Qafarova 2023-cü ildə üzərinə reklam lövhəsi aşması nəticəsində dünyasını dəyişib. Bu olaya görə, Elbəyi Rəhimov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Mediada gedən məlumatlara görə, həmin vaxt Naxçıvanda reklam lövhələrinin quraşdırılması işini "Brend Media Group" şirkəti öz üzərinə götürüb. Reklam lövhələrinin hazırlanması isə Elbəyi Rəhimova tapşırılıb.
Elbəyi Rəhimov məhkəmədə də bildirib ki, onun işi reklam lövhələrini hazırlamaq olub. Bundan başqa, Zümulə Qafarovanın ölümü ilə nəticələnən hadisə baş verəndə o, ümumiyyətlə Naxçıvanda olmayıb.
Mediada gedən iddialara görə, bu işə görə Elbəyi Rəhimovun həbs edilməsi əslində "Brend Media Group" şirkətinin rəhbəri Elşən Məmmədovu məsuliyyətdən kənarda saxlamaq olub.
Seyid
Şərhlər