ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistan Müdafiə Nazirliyində ABŞ silahlı qüvvələrinin nümayəndəsinin çalışacağını bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Ermənistan mediasına müsahibəsində deyib.
"Mən bu məlumatı təsdiqləyə bilərəm. Bu, çoxdan gözlənilən hadisədir və mən sizə səfirimiz və mətbuat xidmətimizlə müzakirə etməyi tövsiyə edərdim. Biz ABŞ və Ermənistan arasında müdafiə və mülki təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq”, - ABŞ rəsmisi bildirib.
Dövlət katibinin müavininə Ermənistanın KTMT-yə üzvlüyünün ABŞ-la müdafiə sahəsində tərəfdaşlığa maneə olub-olmayacağı ilə bağlı da sual verilib. Zeya cavab verib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsini yalnız ölkə hökuməti həll edə bilər.
"Qeyd edim ki, Ermənistan KTMT-nin üzvü olaraq qaldığı müddətdə müdafiə və mülki təhlükəsizlik sahəsində əməkdaşlığımız dərinləşməkdə davam edir. Amma üçüncü və son məqamı qeyd etmək istəyirəm. Birləşmiş Ştatlar Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda regional sülhə və sabitliyə töhfə verdiyini göstərən heç bir şey görmür”, - Zeya qeyd edib.
Qeyd edək ki, iyulun 15-də Ermənistan ABŞ-la birgə hərbi təlimlərə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbi qulluqçuları cəlb olunub.
2023-24-cü illərdə Ermənistanla Rusiya arasında ənənəvi yaxın və müttəfiq kimi görünən münasibətlər xeyli pisləşib. Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında bildirib ki, Ermənistan KTMT-dəki iştirakını "dondurub”.
Nizami Bağırov
Şərhlər