ABŞ prezidenti Co Baydenin administrasiyası İran və Livan "Hizbullah”ına İsrailə hücum olacağı təqdirdə hərbi müdaxiləyə hazır olduqları barədə mesajlar çatdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” Dövlət Departamentinin əməkdaşlarına istinadən məlumat
yayıb.
"İranla əlaqəli yaraqlılardan gələn hücumlar və təhdidlər tamamilə qəbuledilməzdir”, - Dövlət katibi Antoni Blinken deyib.
Blinkenin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Yəməndən İsrail istiqamətində atılan qanadlı raketləri artıq vurub. ABŞ qırıcıları həmçinin Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu və müttəfiqlərinin istifadə etdiyi obyektlərə bir sıra zərbələr endirib.
"Biz İranla münaqişəyə can atmırıq – bunu çox açıq şəkildə bildirdik – amma istər hərbi, istərsə də mülki şəxsi heyətimizi qorumaq üçün lazım olan hər şeyi edəcəyik”, Blinken bildirib.
Həftə sonu ABŞ Dövlət katibi İordan çayının qərb sahilinə və İraqa səfər edib. Onun səfərinin məqsədlərindən biri bölgədə münaqişənin yayılmasının qarşısını almaq, digəri isə HƏMAS-ın məhv edilməsindən sonra Qəzzanın gələcəyini müzakirə etməkdir.
Xatırladaq ki, cümə günü, noyabrın 3-də "Hizbullah” lideri Həsən Nəsrullah İsrailə qarşı yeni cəbhə açacağı ilə hədələyib. Onun sözlərinə görə, müharibə başlayandan bəri qruplaşma, demək olar ki, hər gün Livan-İsrail sərhədində döyüşlərdə iştirak edir. Nəsrullah hesab edir ki, Birləşmiş Ştatlar "Qəzzada baş verənlərə görə günahkardır”, İsrail isə Vaşinqtonun istifadə etdiyi "sadəcə alətdir”.
Baş nazir Benyamin Netanyahu televiziyada çıxışında "Hizbullah”a ikinci cəbhənin açılması barədə xəbərdarlıq edib: "Bizi sınamayın. Səhv sizə baha başa gələcək - o qədər baha başa gələcək ki, təsəvvür belə edə bilməzsiniz".
"Hizbullah” ikinci cəbhə açmaq qərarına gəlsə, İsrail İrana da hücum edəcək, ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat daha əvvəl xəbərdarlıq edib. "İsrailin düşmənlərimizə çox açıq mesajı var. Biz onlara deyirik: Qəzza zolağında baş verənlərə baxın - bizə hücum etsəniz, sizə qarşı da eyni şey ediləcək”, - deyə nazir bildirib.
Nizami Bağırov
Şərhlər