Xəbər lenti

ABŞ İrana zərbələr endirəcəkmi? (ŞƏRH)
Dünya 18:37 01.02.2024

ABŞ İrana zərbələr endirəcəkmi? (ŞƏRH)

İranın proksi qüvvələrinin İordaniya ilə Suriya sərhədində yerləşən ABŞ hərbi bazasına PUA zərbələrinə cavab olaraq Vaşinqton deyəsən daha ciddi əks zərbələr hazırlayır. 

Xatırladaq ki, yanvarın 27-də Suriya - İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi həlak olub, 45-ai yaralanıb. ABŞ prezidenti Co Bayden isə hadisəni törədənlərə kəskin cavab verəcəyini bəyan edib. 

"NBC News" məlumat verir ki, Vaşinqton baş verən olaya cavab olaraq bir neçə həftə ərzində İrana hücumlar həyata keçirə bilər. Onların sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası zərbələr üçün konkret hədəflər barədə hələ qərar verməyib. 

Hədəflərin İrandan kənarda yerləşə biləcəyi güman edilir. Kampaniya həm kiber əməliyyatları, həm də bir sıra digər ölkə və regionlarda hədəflərə qarşı dəqiq zərbələri əhatə edəcək. 

Yanvarın 29-da ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyası bir neçə mərhələni əhatə edə, çoxsəviyyəli və uzunmüddətli ola bilər. ABŞ rəsmiləri bu açıqlamaları onu deməyə əsas verir ki, Vaşinqton öz əsgərlərinin ölümü ilə nəticələnən son olaya seyrçi qalmaq niyyətində deyil. Əksinə, baş vermiş hadisəyə görə, ABŞ İranı, daha doğrusu onun proksi qüvvələrini ağır şəkildə cəzalandırmaq qərarına gəlib. Hədəflərin İrandan kənarda yerləşəcəyinin güman edilməsi onu göstərir ki, ABŞ ordusu İranın Suriya, Livan, İraq, Yəməndəki qüvvələrinə zərbələr endirməyi düşünür. 

Bu zərbələrin daha sarsıdıcı olacağı istisna deyil. Ağ Evdə  yaxşı anlayırlar ki, həmin qüvvələrə sarsıdıcı zərbələr endirilməsə, onlar ABŞ ordusunun regiondakı fəaliyyətinə  növbəti əngəllər yaratmaqda davam edəcəklər. Bu fonda  da Vaşinqtonun əks zərbəsinin İranın proksi qüvvələrinə qarşı dağıdıcı olacağı birmənalıdır.

Dövlət katibi ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyası bir neçə mərhələni əhatə edə, çoxsəviyyəli və uzunmüddətli ola biləcəyilə bağlı açıqlaması da onu göstərir ki, Vaşinqtonun cavab zərbələri geniş əraziləri əhatə etməklə yanaşı, uzunmüddətli olacaq. Bu açıqlama da belə qənaətə gəlməyə əsas verir ki, Vaşinqton İranın proksi qüvvələrini tam olmasa da, onların yenidən uzun müddət özlərinə gələ bilməməsi üçün böyük həcmdə məhv etməkdə israrlıdır. Belə olan halda, İranın mövqeyinə gəldikdə, molla rejimi sözsüz ki, bu təhdidləri cavabsız qoymayacaqlarını bəyan edəcək. 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami ABŞ-ın İrana qarşı təhdidlərinin heç birinin cavabsız qalmayacağını bildirib. Amma aydındır ki, onların bu hay-küyləri sözdən o yana keçməyəcək və İran ABŞ-ın hərəkətini kənardan müşahidə etməklə kifayətlənməli olacaq. Çünki bilir ki, əks-təqdirdə, Vaşinqton İranın özünü də zərbələrə məruz qoya bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->