XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-ın İrana zərbələri yeni müharibənin anonsudur? (ŞƏRH)
Dünya10:56 02.09.2026

ABŞ-ın İrana zərbələri yeni müharibənin anonsudur? (ŞƏRH)

“ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatı, ilk növbədə, çəkindirmə siyasətinin növbəti mərhələsi kimi qiymətləndirmək daha doğrudur”.

Bunu ABŞ-ın İranın hərbi obyektlərinə zərbələr endirməsini və bunun mümkün nəticələrini Qaynarinfo-ya şərh edən konfliktoloq Azər Hüseynov deyib.

Ekspert hesab edir ki, hazırkı beynəlxalq konfiqurasiyaya nəzər saldıqda, ABŞ-ın İrana qarşı uzunmüddətli və fasiləsiz hərbi əməliyyatlar aparmaq niyyətində olduğu hələlik açıq şəkildə görünmür:

“Bunun bir neçə səbəbi var. Son hadisələr göstərdi ki, ABŞ üçün də müəyyən hərbi və resurs məhdudiyyətləri mövcuddur. Daha dərin və uzunmüddətli hərbi əməliyyatların həyata keçirilməsi canlı qüvvə, logistika, silah-sursat ehtiyatları və beynəlxalq siyasi dəstək baxımından əlavə problemlər yarada bilər. Hazırkı qarşıdurma fonunda hər iki tərəfin ciddi resurs və hərbi imkan təzyiqi ilə üzləşdiyi müşahidə olunur”.

Azər Hüseynov hesab edir ki, bu zərbələri daha çox İranı çəkindirməyə, onun müəyyən hərbi imkanlarını zəiflətməyə və Tehrana ABŞ-ın zəruri hesab etdiyi halda yenidən hərbi gücdən istifadə edə biləcəyi mesajını verməyə yönəlmiş əməliyyat kimi qiymətləndirmək mümkündür:

“Lakin burada mühüm bir məqamı da nəzərə almaq lazımdır. Dünyanın digər bölgələrində, xüsusilə Rusiya-Ukrayna cəbhəsində hərbi və siyasi konfiqurasiya dəyişərsə, ABŞ-ın İran siyasətində də müəyyən dəyişikliklər baş verə bilər. Çünki Vaşinqtonun eyni vaxtda müxtəlif regionlarda hansı səviyyədə hərbi resurs səfərbər edə bilməsi onun strateji qərarlarına birbaşa təsir göstərir”.

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə əsas görüntü ondan ibarətdir ki, bu, daha çox növbəti zərbə kampaniyası və çəkindirmə məqsədi daşıyan hərbi əməliyyatdır:

“Bunu avtomatik şəkildə ABŞ-ın İrana qarşı daha genişmiqyaslı və uzunmüddətli müharibəyə başlamaq qərarı kimi qiymətləndirmək hələ tezdir”.

Azər Hüseynov ABŞ-İran qarşıdurmasının dünya neft bazarına mümkün təsirlərinə də toxunub. Onun sözlərinə görə, Hörmüz boğazında yaranan problemlər qlobal enerji bazarı üçün ciddi risklər yaradır:

“Əlbəttə ki, Hörmüz boğazında daşımaların məhdudlaşması birbaşa dünya neft bazarına ciddi təsir göstərir. Çünki bu marşrutda daşınma imkanlarının azalması neft qiymətlərinin artmasına səbəb olur. Lakin düşünürəm ki, proses bu formada davam edərsə, dünya ölkələri neftin daşınması üçün alternativ marşrutların yaradılması istiqamətində daha ciddi addımlar atmağa başlayacaqlar. Çünki Hörmüz boğazında baş verənlər müəyyən hallarda neft qiymətlərinin kəskin dəyişməsinə, hətta bəzi transmilli şirkətlərin yaranmış vəziyyətdən manipulyasiya məqsədilə istifadə etməsinə şərait yarada bilər”.

Konfliktoloq vurğulayıb ki, xüsusilə neftdən ciddi şəkildə asılı olan ölkələrin bu vəziyyətin uzun müddət davam etməsində maraqlı olacağını düşünmür:

“Əksinə, belə bir proses həmin ölkələrdə həm narahatlıq, həm də narazılıq yaradacaq. Nəticədə alternativ nəqliyyat və enerji marşrutlarının formalaşdırılması məsələsi daha da aktuallaşacaq. Hesab edirəm ki, baş verənlər qısa müddətdə neft qiymətlərinin, xüsusilə də bahalaşma istiqamətində dəyişməsinə təsir göstərə bilər. Lakin qiymət artımının uzun müddət davam etməsi artıq təkcə enerji bazarı üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün mənfi nəticələr yarada bilər. Çünki yüksək neft qiymətləri nəqliyyat və istehsal xərclərini artırır, inflyasiyanı sürətləndirir və qlobal iqtisadi artıma əlavə təzyiq yaradır”.

Siyasət şöbəsi