XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Almaniya Leypsiq hava limanına dron hücumunun arxasında Rusiyanın dayandığını bildirir
Dünya23:47 01.09.2026

Almaniya Leypsiq hava limanına dron hücumunun arxasında Rusiyanın dayandığını bildirir

Almaniya ötən ay Leypsiq hava limanına həyata keçirilən dron hücumuna görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.

Avqustun 4-də Almaniyanın şərqində yerləşən Leypsiq/Halle hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı qurğu daşıyan dron aşkarlanıb.

Detonatorun nasaz olduğu ehtimal edildiyi üçün qurğu partlamayıb. İstintaqçılar ikinci dronun yaxınlıqdakı yük təyyarəsi ilə toqquşduğundan şübhələnirlər. Bildirilir ki, 10 gün sonra hava limanının yaxınlığında üçüncü dron da tapılıb.

Daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, Leypsiq hava limanına hücum “Rusiyanın Avropadakı hibrid əməliyyatlarının artıq yaxşı məlum olan modelinə” uyğundur və Almaniyanın yenidən hədəfə alınacağı ehtimal edilir.

Onun sözlərinə görə, istifadə olunan avadanlığın ekspertizası və kəşfiyyat məlumatları Rusiyanın hücumda iştirakını sübut edib.

Berlində keçirilən mətbuat konfransında Dobrindtlə birlikdə çıxış edən Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Bonn şəhərindəki Rusiya konsulluğunun bağlanmasına göstəriş verəcək. Bundan əlavə, Berlindəki “Rusiya evi” ilə bağlı müqaviləyə də xitam veriləcək. Bir çox müşahidəçinin fikrincə, bu mərkəzdən casusluq fəaliyyəti və Rusiya təbliğatının yayılması üçün istifadə olunub.

Vadeful həmçinin Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarətin sərtləşdiriləcəyini açıqlayıb, Moskvanın “kölgə donanması”na təzyiqin artırılacağını vəd edib. Söhbət Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi köhnə tankerlərdən gedir.

Vadeful Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevi Xarici İşlər Nazirliyinə çağırdığını bildirib. Açıqlamadan az sonra səfirin nazirliyin binasına daxil olduğu görüntülənib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Almaniyanın tədbirlərinə “güzgü prinsipi” əsasında cavab verəcək.

O, Almaniyanın Ukraynaya göstərdiyi hərbi və iqtisadi dəstəyə işarə edərək Almaniya Mətbuat Agentliyinə deyib: “Berlin terrorizmi maliyyələşdirir”.

Daha əvvəl Almaniyanın “Rusiya evi”ni bağlayacağı təqdirdə Moskvadakı “Göte İnstitutu”nun fəaliyyətini dayandırmalı ola biləcəyi barədə fikirlər səsləndirilmişdi.

Təhlükəsizlik ekspertləri hücumun arxasında Rusiyanın dayana biləcəyini ehtimal etsələr də, Moskva bu cür ittihamları həmişə rədd edib.

Almaniyanın şərqindəki Leypsiq/Halle hava limanından Almaniya ordusu və NATO müttəfiqləri hərbi yüklərin daşınması üçün istifadə edirlər. Hava limanı eyni zamanda Ukraynanın hava yükdaşımalarının böyük hissəsini həyata keçirən “Antonov Hava Yolları” üçün baza rolunu oynayır.

NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans “Almaniya ilə tam həmrəydir”.

“Sübutlar aydındır. Almaniyanın cavab olaraq elan etdiyi tədbirləri alqışlayıram”, – o, “X” platformasında yazıb.

Məsələnin çərşənbə axşamı İrlandiyada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin iclasında müzakirə olunacağı gözlənilir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” platformasında yazıb:

“Rusiyanın təcavüzünə qarşı dayanmaq əzmində birik. Azadlığımızı və təhlükəsizliyimizi sarsıtmağa çalışan hər kəsi çəkindirəcəyik”.

O əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır.

Polşanın baş naziri Donald Tusk bildirib ki, Rusiya “bütün regionda gərginliyi artırır”. Polşa prokurorları bazar ertəsi dron komponentləri istehsal edən zavodda baş verən yanğında xarici kəşfiyyat xidmətlərinin əli olub-olmadığını araşdırırlar.

Böyük Britaniyanın baş naziri Endi Börnhəm isə deyib: “Rusiyanın vahid mövqeyimizi və Ukraynaya dəstək vermək iradəmizi sarsıtmaq cəhdləri əbəsdir və uğursuzluğa məhkumdur”.

Almaniya son bir il ərzində hava limanlarında, hərbi və sənaye obyektlərində dronların müşahidə edildiyini bildirən bir neçə NATO üzvündən biridir.

Berlin indiyədək Leypsiq hücumunun arxasında kimin dayana biləcəyi barədə ətraflı açıqlama verməyib və yalnız “xarici qüvvələrin” hadisədə iştirak edə biləcəyini bildirib.

ABŞ mediası isə daha əvvəl amerikalı rəsmilərin bu hadisəni Rusiya ilə əlaqələndirdiyini yazmışdı.

Berlin ölkənin hibrid müharibənin “gündəlik hədəfi” olduğunu bildirib. Kansler Fridrix Merts isə ötən həftə Almaniyaya qarşı düşmənçilik xarakterli addımlar atanların “bunun əvəzini ödəyəcəyini” deyib.

Hökumət uzun müddətdir kifayət qədər təsirli olmamaqda tənqid edilən kəşfiyyat xidmətlərinin bu cür təhdidlərə qarşı səlahiyyətlərini artırmağa çalışır.

Almaniya Ukraynanın əsas tərəfdarlarından biridir və Merts Kiyevə dəstəyini açıq şəkildə ifadə edir.

Bununla belə, Mertsin Xristian Demokrat İttifaqından (CDU) olan deputat bildirib ki, Rusiyaya qarşı indiyədək görülən tədbirlər “tələb olunandan xeyli geri qalır” və səfirin Xarici İşlər Nazirliyinə çağırılması Moskvanın yalnız “gülüşünə səbəb olur”.

Roderix Kizevetter deyib: “Özünü lider dövlət elan edən ölkədən özünü çəkindirmə və güzəşt siyasəti deyil, cəsarət və qətiyyət gözləyirəm”.

Almaniyanın əsas logistika mərkəzlərindən birində Ukraynaya məxsus yük təyyarələrinin niyə Moskvanın hədəfində ola biləcəyini təsəvvür etmək çətin deyil.

Lakin bu açıqlama Merts hökuməti üçün həssas bir məqamda verilib.

Almaniyanın şərqindəki Saksoniya-Anhalt əyalətində keçiriləcək mühüm seçki ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ölkə tarixində ilk dəfə əyalət səviyyəsində hakimiyyətə gəlməsinə səbəb ola bilər.

Almaniyanın ən böyük müxalifət partiyası olan AfD Ukraynaya dəstəyin dayandırılmasını və Rusiya ilə əlaqələrin yenidən qurulmasını istəyir.

Ayrı bir hadisə ilə bağlı Almaniya polisi bildirib ki, çərşənbə axşamı Brandenburq əyalətində elektrik yarımstansiyalarından birində kustar üsulla hazırlanmış partlayıcı və yandırıcı qurğuların aşkarlanmasını araşdırır.

Elektrik xəttinin zədələnməsi müvəqqəti enerji kəsintisinə səbəb olub. Qurğuların kim tərəfindən yerləşdirildiyi məlum deyil.