XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yaxın Şərqdə gərginlik artdı, neft kəskin bahalaşdı: "Azeri Light" neçəyə satılır?
Ekonomiks09:36 02.09.2026

Yaxın Şərqdə gərginlik artdı, neft kəskin bahalaşdı: "Azeri Light" neçəyə satılır?

Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb.

Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 93,96 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,02 ABŞ dolları və ya 5,6 % artaraq 94,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xatırladaq ki, ötən gecə ABŞ-la İran arasında qarşılıqlı hücumlar yenidən intensivləşib, ABŞ İrana zərbələr endirib, Tehran isə Amerikanın Yaxın Şərqdəki obyektlərini vurub. Nəticədə qlobal enerji bazarlarında təchizatla bağlı narahatlıqları artırıb. ABŞ-ın İranın Hörmüzqan əyalətindəki Kuheştek şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirməsi, İranın buna cavab olaraq ABŞ bazalarına hücum etdiyini açıqlaması və Hörmüz boğazında gərginliyin daha da artması neft qiymətlərindəki kəskin artıma səbəb olub.