Ölkə 16:20 02.07.2022

Şagirdlərin yay məktəblərinin qiymətləri necə olacaq?

"Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yay məktəblərinin təşkilində qiymətlər təyin olunarkən bəzi amillər nəzərə alınmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi yay məktəblərinin qiymətindən danışarkən deyib. Onun sözlərinə görə, yay məktəblərinin təşkili iki hissədən ibarətdir:

"Biri var, dövlət tərəfindən təşkil olunan yay məktəbləri, biri də özəl şirkətlərin yay məktəbləri. Yay məktəbləri orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Yay məktəbləri keçən ayın sonu artıq başa çatıb. 14 günlük bir məktəb idi. Bu yay məktəbi dövlət tərəfindən təşkil olunduğundan pulsuz idi”.

Elçin Əfəndi deyir ki, iyul və avqust aylarında baş tutacaq yay məktəbləri özəl şirkətlər tərəfindən həyata keçirilir:
"Özəldirsə, maliyyə məsələsi mütləq olacaq. Çünki hər hansı bir təşkilatdırsa, özəl qurumdursa, bunu həyata keçirirsə, burada müəyyən ödənişlər də olmalıdır. Amma bu ödənişlər üçün də vətəndaşların, yəni valideynlərin ümumi maddi imkanları nəzərə alınmalı və ona müvafiq olaraq qiymətlər təyin olunmalıdır. Daha hədsiz dərəcədə şişirtmə qiymətlər olmamalıdır”.

Elçin Əfəndiyə görə, orta ümumtəhsil məktəblərində yay məktəblərinə qoşulan şagirdlərin sayı çox olmur:

"Şagirdlərin əksəriyyəti valideynləri ilə respublikanın daxilində olan rayon və şəhərlərə istirahətə yollanır, bəziləri isə xarici ölkələrə üstünlük verir. Bu səbəbdən də yay məktəblərinə qoşulan şagirdlərin sayı az olacaq. Biz yay məktəblərinə şagird cəlb edəndə onların ailələrinin maddi durumunu mütləq nəzərə alıb və bunun üzərindən qiymət təyin etməliyik”. 

Bahar Rüstəmli