Dünya 13:28 14.03.2023

AK və Avropa Şurası rəhbərləri arasında Çin ilə bağlı fikir ayrılığı var - "Politico"

ABŞ prezidenti Co Baydenin artan təzyiqləri fonunda Avropa İttifaqı liderləri Çin siyasəti ilə bağlı fikir ayrılığına düşüb.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Qeyd olunur ki, Aİ rəsmiləri, o cümlədən Avropa Şurasının rəhbəri Şarl Mişel Bayden administrasiyası ilə müqayisədə Çinə qarşı daha az qarşıdurma xarakterli münasibətdə israrlıdır.

Bununla belə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, əksinə, ABŞ-ın mövqeyinə uyğun olaraq daha döyüşkən xətt tutur.

"Burada ABŞ və Çin arasında böyük bir münaqişə riski var. Biz hesab edirik ki, biz Çindən tamamilə ayrılmamalıyıq", - adının açıqlanmasını istəməyən rəsmilərdən biri deyib.

Avropa Komissiyasının ticarət sahəsində səlahiyyətlərə malik olmasına baxmayaraq, Aİ-nin geosiyasi strategiyası Avropa Şurasının mandatı altında həyata keçirilməlidir. Həmçinin, Avropa Şurası ilə Avropa Komissiyası arasında blokun siyasəti ilə bağlı fikir ayrılıqları iyunda keçirilməsi planlaşdırılan Aİ-Çin sammitinin vaxtı ilə bağlı kulminasiya nöqtəsinə çatıb.

Nizami Bağırov