Dünya 21:27 07.08.2022

"Amnesty International" Ukrayna ilə bağlı hesabatına görə üzr istədi

"Amnesty International" 3 gün əvvəl Ukraynanı mülki şəxslərin həyatını təhlükə altına atmaqda günahlandıran hesabatının yaratdığı "əziyyət və qəzəb”ə görə üzr istəyib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Təşkilat hesabatında qeyd edib ki, Ukrayna hərbi qüvvələrinin yaşayış məntəqələrinə, o cümlədən xəstəxanalar və məktəblərə yerləşdirilməsi döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mülki əhali üçün riskləri artırıb.

"Amnesty İnternational"ın bu hesabatı təkcə Ukrayna prezidentinin, hakimiyyət orqanlarının və xalqının deyil, həm də təşkilatın Kiyevdəki ofisinin rəhbərinin böyük qəzəbinə səbəb olub. Ofis rəhbəri buna etiraz əlaməti olaraq istefa verib.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, təşkilat hərbi cinayətlər və qırğınlar törədən Rusiyanı təhrif edilmiş və tamamilə əsassız hesabatla əfv edib.

"Amnesty İnternational" bu gün yaydığı bəyanatda təşkilatın hesabatın "mülki əhalinin həyatının və müdafiəsinin təmin edilməsi"nə uyğun hazırlandığını və Ukrayna ilə bağlı hesabatın başqa məqsədi olmadığını qeyd edib: "Hesabatın yaratdığı əziyyətə və qəzəbə görə üzr istəyirik".

M.Arif