"Türkiyədə Aksaray vilayətində ‘’Duz Gölü yeraltı qaz
anbarının genişləndirilməsi’’ çox nadir layihələrdən biridir. Açıq beynəlxalq
tenderdə dünyanın nəhəng şirkətləriilə rəqabətə girib bu tenderdə qalib gəldik.
Belə bir nadir layihədə bizə olunan etimadı Azərbaycan neft sənayesinə və
neft-qazma texnalogiyamıza verilən yüksək qiymət kimi dəyərləndirirk”.
SOCAR Abşeron Qazma Şirkətinin (AQŞ) bu gün Ankarada yeni
ofsinin aşılışı zamanı şirkətin rəhbəri Ramin İsayev APA-nın yerli bürosuna
açıqlamasında bu fikirləri bildirib.
Qaz doldurulması üçün 40 ədəd duz mağarasını hazırlamaqdan
ötrü AQŞ-nin qazma işlərini aparacağını deyən şirkət rəhbəri ilkin mərhələdə bu
layihənin gələn ilin sentyabrda başa çatdırılmasının nəzərdə tutulduğunu
bildirib: "Amma Türkiyədəki biznes tərəfdaşlarımızın bizə verdiyi məlumatlara
görə, başqa imkanlar da var, istər təbii neft-qaz yataqlarının istehsalı üçün
quyuların qazılmasında, istərsə də bu layihədə olduğu kimi, yeraltı qaz anbarları
üçün qazma işlərinin aparılmasında Abşeron Qazma Şirkətinin xüsusi texnalogiyasından istifadə oluna bilər.
Regionda da çoxlu sayda neft-qaz quyularının qazılması səbəbindən biz gələcəkdə
də Türkiyədə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.
Ramin İsayev deyib ki, SOCAR AQŞ-nin Ankara ofisnin fəaliyyətinin
genişlənməsi Azərbaycan iqtisadiyyatına da divident gətirəcək: "Azərbaycan vətəndaşlarının
bir qismi Ankara ofisində yüksək əməkhaqqı ilə iş imkanı əldə edəcəklər və iş həcmi
artdıqca gələcəkdə həm ofisin, həm də qazmada birbaşa iştirak edən işçilərin
sayının artırılması da nəzərdə tutulur. Eyni zamanda düşünürük ki, Azərbaycandakı
işçilərimizi də vaxtaşırı bura ezam etməklə onlara həm beynəlxalq iş təcrübəsi
qazandıraq, həm də təcrübə mübadiləsi edək. Azərbaycan neftçiləri, qazmaçıları
dünyanın bir çox ölkələrində daim yenilikçi kimi tanınıblar, hər zaman öndə
olublar. Bizim bu işimiz də Azərbaycanın
150 illik tarixi olan neft-qazma sənayesinin gücünü, qüdrətini göstərməkdir.
Bütün bunlar isə ölkəmizə əlavə iqtisadi və siyasi dividentlər gətirməsi deməkdir”.
Şirkət rəhbəri hesab edir ki, Aksaray vilayətində ‘’Duz Gölü
yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsinin icrası eyni zamanda
Türkiyənin enerji təhlükəsizliyinə də böyük töhfə verəcək.
Qeyd edək ki, SOCAR AQŞ-nin Ankara ofisinin açılışı Azərbaycanın
Dövlət Müstəqilliyi günü şərəfinə 18 oktyabrda olub.
Açılışda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də
iştirak edib. Səfir bildirib ki, Azərbaycan Dövlət Müstəqilliyi günü ilə eyni
vaxtda SOCAR AQŞ-nin Ankarada fəaliyyətə başlaması şirkətin üzərinə əlavə məsuliyyət
də qoyur: "Azərbaycan Türkiyədə qaz-neft sahəsində bir çox uğurlu layihələrə
imza atıb. Abşeron Qazma Şirkətinin də belə şərəfli bir gündə fəaliyyətə
başlaması daha bir layihənin uğurlu olacağını düşünməyə əsas verir”.
Tədbirdə SOCAR AQŞ-nin mətbat meneceri Sənubər Nəzərova şirkət
haqqında geniş məlumat verib.
Açılış mərasimində Türkiyə Prezident Adminstrasiyasının
Sağlıq, Qida Qurumu sədri, Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq
Qrupunun keçmiş rəhbəri Necdət Ünüvar da iştirak edib. O da ASQ-nin fəaliyyətinə
uğurlar diləyib.
Şərhlər