Argentinanın olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano qrup mərhələsinin ilk turunun Mərakeş millisi ilə oyunundan sonra deyib ki, Olimpiya Oyunlarının təşkili ilə bağlı status heç bir tələbə cavab vermir.
Qaynarinfo bu barədə "TyC Sports"a istinadən xəbər verir.
Onun sözlərinə görə, Paris-2024-ün təşkilat komitəsi yarışın ilk günündə özünün ən pis tərəfini göstərib: "Bizə dedilər ki, hesab 2:2 oldu. Nə biz, nə də Mərakeş oyunun davam etməsini istəmirdik. Olmamalıdır. Biz rayon yarışlarında yox, olimpiadada iştirak edirik".
Qeyd edək ki, Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarının futbol turniri çərçivəsində qrup mərhələsinin 1-ci turunun Argentina - Mərakeş oyunu tarixə düşüb. Bu, dünya futbol tarixinin ən uzun görüşü olub. Bakı vaxtı ilə saat 17:00-da qarşılaşmanın start fiti səslənib. Dayandırılıb, ardından davam etdirilən oyun saat 21:07-də başa çatıb. Beləliklə, yaranmış fasiləni nəzərə almasaq, görüş 4 saat 7 dəqiqə çəkib.
Argentina millisinin 90+16-cı dəqiqədə vurduğu qol sayəsində hesab bərabərləşib. Qolu qeyd edərkən Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana qaçıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb və iki saat sonra yenidən bərpa olunub. Görüş bərpa olunduqdan sonra qol VAR-a baxılaraq ləğv edilib və Mərakeş yığması 2:1 hesablı qələbə qazanıb.
Aydın
Şərhlər