XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda klinikaların sayının artması səhiyyənin keyfiyyətini yüksəldirmi?
Ölkə12:31 13.08.2026

Azərbaycanda klinikaların sayının artması səhiyyənin keyfiyyətini yüksəldirmi?

Azərbaycanda özəl klinikaların sayı durmadan artır. Bununla yanaşı, həmin müəssisələrdə çalışan həkimlərin sayı da çoxalır. Bəs bu, ölkədə həkimlərin sayının artması ilə insanların daha sağlam olması deməkdirmi?

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, Almaniya və İngiltərə kimi inkişaf etmiş ölkələrdə də əhalinin sayına nisbətdə həkim çatışmazlığı mövcuddur:

“Əhalinin sayına görə həkimlərin sayı standarta uyğun deyil. Amma Almaniya, İngiltərə səhiyyəsi dünyanın ən aparıcı səhiyyə sistemlərindəndir. Bu, digər aparıcı ölkələrə də aiddir. Azərbaycanda da həkim çatışmazlığı var. Klinikaların sayı çox ola bilər və s.”.

Adil Qeybullanın sözlərinə görə, səhiyyə sisteminin vətəndaşların xeyrinə işləməsi üçün xüsusi mexanizmlər yaradılmalıdır:

“Əgər ortada iradə olmasa və bu mexanizmlər düzgün qurulmasa, həkimlərin sayı beş dəfə az və ya çox olsa belə, nəticə eyni olacaq. Bu, məsələnin həlli deyil. Təəssüf ki, klinikaların sayının artması heç nəyi həll etmir. Hesab edirəm ki, biz icbari tibbi sığortanı düzgün və effektiv qurmaq üçün ilk növbədə bir neçə məsələni həll etməliyik. Bunu dəfələrlə demişik - randevu sistemi; həkimlərin standart maaş sistemi; xidmətlərin konkret olaraq ictimaiyyətə açıq reyestri. Bu üç sistem düzgün qurulsa, vətəndaş icbari tibbi sığortadan da yetərincə faydalana bilər”.

Professor hesab edir ki, randevu sistemi və növbələrin düzgün tənzimlənməsi olmadan vətəndaş keyfiyyətli tibbi xidmət ala bilməz:

“Həkimlərin fiksə olunmuş maaş sistemi yoxdur. Bir qrup həkim icbari tibbi sığortadan kənarda qalıb, digər qrup isə sığorta sisteminə daxil olub. Onların da vaxtında bonuslarını ala bilmədikləri üçün şikayətləri var. Deyilənə görə, bütün xidmətlər sığortaya daxildir, amma reallıq bir qədər başqadır. Hesab edirəm ki, biz icbari tibbi sığortanı dövlətin ayırdığı vəsait hesabına normal qurmaq üçün müvafiq mexanizmlər işləyib hazırlamalıyıq. Bunlar çox sadə məsələlərdir”.

Adil Qeybulla bu mexanizmlərin dünyada çoxsaylı analoqlarının olduğunu vurğulayıb:

“Yalnız bundan sonra məsələlər həllini tapacaq. Qalan kəmiyyət göstəriciləri heç nəyi həll etmir”.

Bahar Rüstəmli