Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olub. 1988-ci ilin noyabrında ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilərək Bakının Binəqədi rayonunda məskunlaşıb. 1993-2003-cü illərdə F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə Heydər Əliyev adına Akademiyada təhsil alıb.
Akademiyanı bitirdikdən sonra sərhəd xidmətində müxtəlif bölgələrdə çalışıb. Daha sonra pilot olmaq arzusunu gerçəkləşdirərək Milli Aviasiya Akademiyasında təhsil alıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk saatlarında Füzuli istiqamətində gedən döyüşlərdə baş leytenant Xalid Gözəlovla birlikdə şəhid olub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində idman müəllimi işləyən Kifayət Qasımova AZƏRTAC-a açıqlamasında oğlunun həyat yolunu xatırlayaraq deyib: “Abbas uşaqlıqda çox xəstə böyüdü. Üç yaşına qədər, demək olar ki, xəstəxanalarda qaldı. Atasını da çox erkən itirdi. Mən ona həm ana, həm ata oldum. Bəzən öz-özümə deyirəm ki, mənə oğul olmadı, amma Vətənə oğul oldu. Fəxr edirəm ki, onun anası mənəm. Atası rəhmətə gedəndə Abbas birinci sinifdə oxuyurdu. Mən ona deməmişdim. Elə bilirdi ki, atası Türkiyədədir. İbtidai sinif müəllimi də bu məsələdə mənə çox kömək edirdi. Ondan xahiş etmişdim ki, uşaqların yanında Abbasın atasının olmadığını deməsin. Abbas atasının vəfat etdiyini dördüncü sinfə qədər bilmədi.
Abbas məktəbdə yaxşı oxuyub, Akademiyada təhsil aldığı illərdə də dərslərinə ciddi yanaşıb. Həmişə deyirdi ki, çox əziyyət çəksə də oxuyur. Akademiyada həftədə bir dəfə evə gəlməyə icazə verirdilər. Əgər dərslərində “iki” qiyməti olurdusa, evə buraxmırdılar. Deyirdi: “Ana, əziyyət çəkib oxuyacağam ki, hər həftə evə gəlim, sən mənim yanıma gəlməyəsən”. Onun yanına getməyimi heç vaxt istəmirdi. Sonralar mənə deyirdi ki, atasızlığını Akademiyada oxuyanda hiss edib. Çünki başqalarının ataları gəlirdi, onun yanına isə anası gəlirdi.

Hərbçi olmaq qərarını da Abbas özü verib. Mən ona başqa fakültəni seçməsini tövsiyə edirdim. O isə deyirdi ki, sərhədimizi qorumaq istəyir. Onun arzularına heç vaxt yox demirdim. Məsləhətimiz, sözümüz, sirrimiz bir idi. Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim.
Sərhəddə xidmət etdiyi illərdə isə Abbasın daha böyük arzusu yarandı - pilot olmaq. Deyirdi: “Baxarsan, ana, pilot olacağam. Gedib bizim gəldiyimiz yerlərə yuxarıdan da olsa baxacağam və deyəcəyəm ki, ata, sizin olduğunuz yerləri, mənim anadan olduğum yerləri gördüm”. Sərhəddə xidmət edəndə də təyyarə ilə həmin ərazilərdə gedib-gələndə mənə deyirdi ki, “ana, gördüm, o tərəfi də gördüm”.
Milli Aviasiya Akademiyasını oxuyub-qurtarandan sonra mənə demişdi: “Ana, gördün, oğlun pilot oldu”. O, həmişə deyirdi ki, göylərdə olacağam. İndi də göylərdədir”.
Şəhid anasının sözlərinə görə, Abbas iki oğul atası idi və ailəsinə bağlılığı ilə seçilirdi. Böyük oğlu Rzanı məktəbə aparmaq istəyən Abbas həmin gün işinə görə bunu edə bilməyib. Kifayət Qasımova bunu belə xatırlayır: “Sentyabrın 15-də oğlunu məktəbə aparmaq istəyirdi, amma ona icazə vermədilər. Oğluna demişdi: “Atam, gəlib səni məktəbə aparacağam. Gələ bilməsəm, məni bağışla. Sən bilirsən ki, atanın işi ağırdır, buraxmasalar, gələ bilməyəcəyəm”. Oğluna atasının adını qoymuşdu, ona görə Atam deyirdi oğluna.
Sonra gəldi, evdə görüşdülər. Sentyabrın 26-sı ailəsi ilə gəlib görüşdü, axşam saat 10-un yarısı idi. Mənə zəng edib dedi ki, onun üçün dua edim. Bizə demədi ki, səhər təyyarə ilə gedəcəklər. Bunu sonra bildik. Abbasla birlikdə təyyarədə baş leytenant Xalid Gözəlov da olub. Təyyarələrin 19-u geri qayıtdı, amma Abbas gəlmədi. Həmin gün biz bilmədik. Düşünürdük ki, bəlkə haradasa neytral zonadadır, sağdır. Sentyabrın 28-də səhər artıq onun şəhid olduğunu bildik.

İndi mən nəvələrimlə ovunuram. Onlara baxıram, Abbası görürəm. Abbasın danışığını, hərəkətlərini onlarda axtarıram. Amma yenə də ana üçün övladın yerini heç nə vermir. İndi gedib onunla danışıram, amma cavab ala bilmirəm. Axşamlar şəkli ilə danışıram, amma cavab ala bilmirəm. Abbas bizim üçün yaşayır. Harada bayraq dalğalanırsa, Abbas oradadır. Harada Azərbaycan varsa, Abbas və onun kimi oğullar var”.
Kifayət xanım oğlunun tabutunu son mənzilə yola saldığı günü də unutmur: “Dədə-babadan eşitmişik ki, ana oğulun çiynində gedər. Amma mən Abbasın tabutunu sığalladım, onun böyründə getdim”.
Bütün ağrısına baxmayaraq, Kifayət Qasımova oğlunun seçdiyi yolla qürur duyduğunu deyir. O, Abbasın xeyirxahlığının dostları və iş yoldaşlarının xatirələrində yaşadığını söyləyir: “İstər iş yoldaşlarından, istər sinif yoldaşlarından, istər kursant yoldaşlarından soruşa bilərsiniz. İndiyə qədər Abbasdan inciyən bir nəfər də yoxdur. Onlar Abbas haqqında elə şeylər danışırlar, Abbas elə xeyirxah işlər görüb ki, mən onunla fəxr edirəm”.
Şərhlər