Azərbaycanda süni intellekt strategiyası hazırlanır.
Trend xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.
"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir", - o bildirib.
Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.
"O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - Əli Əsəsdov bildirib.
Şərhlər