Xəbər lenti

Ekonomiks 16:29 29.03.2024

"Azsığorta" kiçilib: Əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb

"Azsığorta” ASC 2023-cü ili 1,58 milyon manat xalis mənfəətlə başa vurub. 

Valyuta.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Azsığorta” zərərdən mənfəətə keçib. Belə ki, şirkət 2022-ci ili 2 milyon manat xalis zərərlə başa vurmuşdu.

Bununla belə, sığorta şirkəti ötən il əməliyyatlarını əvvəlki ilə nisbətən pis idarə edib. Belə ki, əsas əməliyyat gəlirləri 13% və ya 1,44 milyon azalaraq 9,76 milyona enib. Bu gəlirlərin 7,95 milyon manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 587 min manatı isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb. Bu isə müvafiq olaraq 2,65 milyon (25%) azalma və 16 min manat (2,8%) azalma deməkdir. 

Bu dövrdə ASC-nin əsas əməliyyat xərcləri 9,79 milyon manat, işlərin aparılması xərcləri 5,16 milyon manat, sair xərcləri 3,41 milyon manat, cəmi xərcləri 18,36 milyon manat təşkil edib.

Ötən il sığorta şirkəti 15,5% kiçilib. Belə ki, "Azsığorta”nın cəmi aktivləri 1 yanvar 2024-cü il tarixinə 29,94 milyon manat  təşkil edib. Bu isə son bir ildə 4,6 milyon manat azalma deməkdir. 

Bu dövrdə şirkətin cəmi öhdəlikləri 6,22 milyon manat və ya 48,6% azalaraq 12,8 milyon manata enib. Balans kapitalı isə 1,58 milyon manat və ya 9,2% artaraq 17,14 milyon manat təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->