Səbuhi Həsənov
İdman 21:15 19.03.2022

Bahalı sadəlik - AZE

Gənclər və İdman Naziri vəzifəsinə təyin olunandan sonra Fərid Qayıbov aktiv fəaliyyəti ilə seçilməyə başladı. Nazir kimi ölkədəki bir çox idman federasiyalarının qonağı oldu. Ölkə idmanının durumu ilə daha yaxından maraqlanmağa başladı. Hətta Qış Olimpiya Oyunlarının keçirildiyi Pekinə də səfər etdi. Hər halda bəlkə də Azərbaycanda yeganə nazirdir ki, vəzifəyə gələndən bəri kreslosunda oturmur. Tez-tez səfərlərə yollanır, Azərbaycan idmanının hansı vəziyyətdə olduğunu ətraflı öyrənməyə çalışır.
 
Həə, yaxşı mənada diqqətimi çəkən digər məsələni də qeyd edim. Qayıbov bəlkə ölkədə yeganə nazirdir ki, gəzib gördüklərini "Nazirin Nöqteyi-Nəzəri” başlığı ilə qələmə almağı da unutmur. Yanaşmasını, məqsədlərini, gördüyü işləri elə öz qələmindən ictimaiyyətə təqdim edir. Onun gəlişi ilə ölkə idmanında azacıq da olsa canlanma müşahidə edildiyini danmaq düzgün deyil. Təyinatından sonra bir sıra federasiyalarda rəhbərlik dəyişdirildi və onlar digər nazirliklərin sərəncamına verildi. Əlbəttə, bütün bunlara nəzər salanda Qayıbovun Azərbaycan idmanında nələrisə dəyişmək istədiyini hiss etmək mümkündür. Bu addımlar isə idmansevərlərin daxilində gələcəklə bağlı ümid işartıları yaradır... Amma...
 
Ötən gün nazirlik yeni loqosunu təqdim etdi. Bilirsiniz ki, loqo bir şirkətin, nazirliyin və hansısa müəssisənin tanınması üçün vacib görüntüdür. Hansı ki, addan daha öndə gəlir. Dünyada xeyli idman şirkətlərinin loqoları var ki, vaxtilə çox ucuz, hətta pulsuz hazırlanıb. Lakin bu gün ən bahalı brendlər arasındadır. Belə loqolara baxanda kimə aid olduğunu öyrənmək üçün hansısa yazıya ehtiyac qalmır. Heç şübhəsiz, onları da bacarıqlı dizaynerlər hazırlayır. Amma Gənclər və İdman Nazirliyinin loqosunu hazırlayan şəxs kimdirsə, sanki bu məsuliyyətli işi ürəklə yerinə yetirməyib. Nazirliyin açıqlamasında sadəlik prinsiplərinin əsas götürüldüyü və bu səbəbdən belə loqoya üstünlük verildiyi bildirib. Əlbəttə, sadəlik yaxşıdır. Amma deyəsən, burada sadəliyin lap dərinliklərinə gedilib. Şəxsən mənim düşüncələrimə görə belə loqo və dizayn o boyda nazirliyə yaraşmır. Bəlkə gələcəkdə gözümüz öyrəşəcək, məcburən qəbul edəcəyik. Amma bu loqonu Qayıbovun rəhbərlik etdiyi quruma yaraşdırmadım. Bu, necə nazirlik loqosudur siz canı? Əslində, görüntü olaraq pis deyil, amma daha çox kasıb müəssisənin, yaxud yenicə yaranmış şirkətin loqosuna bənzəyir. Bilmək olmaz, bəlkə göz qaytarmaq üçündür…
 
"Kasıb” dedim, çünki bu loqonun qiyməti də çox maraqlıdır. Mətbuatda çıxan informasiyalara görə "sadə", "müasir", "fərqli", "yüz şəklin içindən minbir əziyyətlə seçilmiş" bu loqonun hazırlanması üçün 25 min manat xərclənib. Yəni, yaşıl fiqurun içinə ağ şriftlərlə sığdırılmış AZE qısaltması və onun aşağısından qara hərflərlə nazirliyin adının yazılması üçün büdcədən o qədər pul "silinib". Çox güman bunun təqdimatı, piarı və sair əlavə xərcləri də var. Həqiqətən belədirsə, bu, çox bahalı sadəlikdir və bir qədər də konkretləşdirsək, harınlıqdır. Belə "sadə” loqoya görə bu qədər pul xərcləməyə, hər halda başqa ad vermək mümkün deyil. Yəqin, aşağıdakı fotoya baxandan sonra çoxları mənimlə eyni düşüncədə olduqlarını təsdiqləyəcəklər. Başa düşülür ki, işlərinin çoxluğundan, fəaliyyətindən, yaxud da dizayn məsələlərinə naşılığından istifadə edərək naziri uşaq kimi aldadıblar. Ya da ki… Nə deyəsən?
 
Əlbəttə, loqo haqqında müzakirələrin yaranması əbəs deyil. Bu üzdən təklif edirəm ki, şübhələrə son qoymaq, şəffaflıq üçün açıqlama verilsin, loqonun real qiyməti göstərilsin. Doğrudan da bu loqoya 25 min manat pul ödənilibmi? Yox, əgər kommersiya sirri kimi açıqlanması məsləhət görülməyəcəksə, ictimaiyyət arasında büdcədən pul "silinməsi” şübhələri haqlı olaraq artacaq. Məncə, bunlara son vermək üçün ən yaxşı yol insanları doğru-düzgün bilgiləndirməkdir. 
 

 
Səbuhi Həsənov