Xəbər lenti

Problem təkcə Samir Abasovdur?
Səbuhi Həsənov
İdman 16:34 22.11.2021

Problem təkcə Samir Abasovdur?

Premyer Liqanın 11-ci turu çərçivəsində "Neftçi” "Bakcell Arena”da qəbul etdiyi "Sabah”a da uduzdu. Bu, flaqmanın ardıcıl üçüncü məğlubiyyəti oldu. Daha əvvəl "Keşlə” (2:3) və "Qarabağ” (0:4) qarşısında da aciz qalan Samir Abasovun komandası çempionluq yarışından tam qopmasa da, geriyə xeyli addım atmış oldu. Nəticədə lider "Qarabağ”dan 9 xal geriyə düşdü.
 
Təbii ki, son ölkə çempionunun bu vəziyyətinə görə ən çox məyus olan komandanın fanatlarıdır. Hər oyunda tribunalardan komandanı qələbəyə səsləyən, belə demək mümkünsə, boğazlarını "cıran” "Neftçi”nin çılğın fanat ordusu ardıcıl məğlubiyyətlər görəndə, əlbəttə, dəli olmaq həddinə çatır. "Sabah”a məğlubiyyətdən sonra səbrləri tükənən azarkeşlərin artıq etiraz səsləri ucalmağa başlayıb. Hətta görüşün sonlarına yaxın istefa şüarları da eşidilirdi. Açığı, fanatlara haqq qazandırmamaq mümkün deyil. Adamlar tribunalarda bacardıqlarının ən yaxşısını etməyə çalışır və haqlı olaraq "Neftçi”nin də meydanda mübarizə aparmasını, oyun göstərməsini tələb edir. "Sabah”la matçda istefa şüarları çox güman ki, başda Abasov olmaqla məşqçilər korpusuna ünvanlanmışdı. Elə matçdan sonra sosial şəbəkələrdə də məşqçilər korpusuna açıq-aydın etirazlar ünvanlandığı görünür. Bəs həqiqətənmi günahkar təkcə Samir Abasovdur?

Düzü, istər mediada, istərsə də digər açıq qaynaqlarda yazılanları oxuyanda bütün oxların məhz Samir Abasova yönəldiyi aşkar sezilir. Abasovun isə özündən başqa hər kəsdə günah gördüyü deyilir. Bəs bu, nə dərəcədə yanlış və ya düzgün fikirdir? Məsələ burasındadır ki, futbolda komanda uduzanda bütün günahlar sırf baş məşqçidə görülür. Yazıq məşqçilər də bunu çox yaxşı anladıqları üçün, hər oyundan sonra bütün məsuliyyəti məcburiyyətdən öz üzərlərinə götürürlər. Hətta komanda onların günahı üzündən uduzmasa belə. Çünki başqa söz desələr, "güllələnəcəklər”. Yəni, rəhbərlik, futbolçular, hər kəs "təmiz”dir, təkcə günahkar baş məşqçidir. Hansı baş məşqçi? Ötən mövsüm "Neftçi”ni uzun illərdən sonra çempionluğa daşıyan baş məşqçi. "Neftçi”yə uzun illərdi həsrət qaldıqları qızıl medalları qazandıran şəxs.

Mənə görə, Abasov "Neftçi”yə gələndən fərqliliyini ortaya qoymağı bacarıb. Həm fikirlərini çatdırmaq, həm də digər mənalarda. Bəli, bütün məşqçilərdə, insanlarda olduğu kimi, Abasovun da səhvləri var və danılmazdır. Ancaq başlıqda verdiyim suala bir də baxaq - Problem təkcə Abasovdurmu? Məncə, xeyr. 
Əvvəla meydandan başlayaq. Fubolu futbolçular oynayır. Qapıya düzgün zərbə vura bilmirlərsə, günah baş məşqçidədir? Yaxud 10 qol vəziyyətindən birindən yararlana bilmirlərsə, günah kimdədir? Heç bir baş məşqçi fubolçulara deməz ki, "önün boş olsa, qapıya zərbə vurma, ötürmə et”. "Sabah”la oyunda neçə qol imkanı dəyərləndirilmədi? Deməli, Abasovun hər dəfə mətbuat konfransında futbolçuları günahlandırmasının bir səbəbi onlardan istədiyini ala bilməməsidir. Məncə, onun futbolçularda günah görməsi heç də yanlış deyil. Hə, "onları özü gətirib” söhbəti nağıldır. Nə olsun? Mənim dəvət etdiyim oyunçular uğurlu və ya uğursuz ola bilər. Məgər hər transfer yaxşı çıxır? Xeyr, deməli, bu söhbətə bir quş... 

Digər tərəfdən, psixoloji durum önəmli rol oynayır. Ardıcıl məğlubiyyətlər istənilən peşəkar futbolçuya pis təsir edə, onu ruhdan sala, belədə nəticə yaxşı olmaya bilər və bu normal haldır. İnsan psixologiyası mürəkkəbdir. Onu isə insanın özündən başqa heç kim qaydaya sala bilməz. Üstəlik, komandanın adı, ölkə futbolunda yeri elədir ki, təzyiqlər böyük olur. "Neftçi”də oynayan hər kəs də bunu dərk etməli və özünü daha böyük təzyiqlərə hazırlamalıdır. 

Başqa bir amil də var – rəhbərlik. Klubun başında oturanlar özlərini nə qədər mələk kimi göstərib, məsələn, baş məşqçiyə feysbuk yoluyla mesaj göndərsə də, nəyin necə olduğunu azarkeşlərdən tutmuş hər kəs yaxşı bilir. Əvvəla çempionluqdan artığına nail olmaq istəyən klub, məsələn, "Qarabağ” kimi buna aylar əvvəldən hazırlaşmalıdır. Komandanın avrokuboklardakı çıxışından sonra verilən açıqlamalardan, görünən mənzərələrdən aydın oldu ki, rəhbərlik çempionluqla işini bitmiş saydı. Gələcəkdə "komandanı uzun fasilədən sonra biz çempion etdik” demək üçün. Daha artığına isə hazırlaşmadılar və Abasova da bunun üçün lazım olan səviyyədə şərait yaratmadılar. Yəni, transferlər vaxında həyata keçirilmədi. Hazırlaşsaydılar, məsələn, yanvar ayından baş məşqçiyə bərk-bərk tapşırardılar ki, "sən yayda avrokuboklara hazırlaş”. Çünki çempion olan heyətdən, başda yaponiyalı dünyaca məşhur ulduz Keysuke Honda olmaqla bir neçə futbolçunun gedəcəyi bilinirdi. Deməli, onların yerini doldurmaq lazım idi. Hə-ə, mən inanmıram ki, Abasov rəhbərlikdən yeni futbolçular istəməyib. Hərçənd, yayda mütəxəssis demək olar, hər məbuat konfransında transferlərin gecikməsindən şikayətlənirdi. Etmədilər, fəsadlarını gördülər. İndi də tənqidlərin, hətta bəzən təhqirlərin qarşısında dayanmaq məcburiyyətindədirlər. 

Qısası, "Neftçi”nin bu vəziyyətə düşməsində heç də tək günahkar baş məşqçi deyil. Ümumiyyətlə, günahın çox az faizi məhz onun payına düşür, deyərdim. Hər nə qədər bütün məsuliyyəti, zərbələri öz üzərinə çəksə və onu Feysbukda lağa qoyanları tənqidlərdən xilas etməyə çalışsa da, adam komanda üçün boyundan da yuxarı tullanıb. Nəsə iş görmək istəyir. Deməli, ən azı növbəti mövsüm üçün də məşqçiyə şans yaratmaq olar. Yeni gələn çalışdırıcı guya Abasovdan daha yaxşı komanda formalaşdıracaq? Yaxud, ona uzun müddət güvənib bu şansı tanıyacaqlar? Əlbəttə, xeyr. Mən Azərbaycan futbolunu, klub rəhbərlərini tanıyıramsa, uzunmüddətli şans ("Qarabağ”la bağlı hər şey məlumdur, bu klub istisnadır) mümkün deyil. Məşqçiləri əlcək kimi dəyişmək indiyə qədər heç kimə fayda verməyib, ələləxsus da Azərbaycanda. İndi siz deyin, problem təkcə Samir Abasovdur?

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->