Xəbər lenti

De Byazi düz deyir
Səbuhi Həsənov
İdman 09:42 09.04.2022

De Byazi düz deyir

"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm". 

Millimizin baş məşqçisi Canni De Byazinin gündəmə "bomba” kimi düşən bu sözləri ölkə futbol ictimaiyyətində heç də birmənalı qarşılanmadı. "Necə yəni qorxaq? Niyə? Nə üçün?” kimi suallar verilməyə başladı. Ancaq üstündən heç yarım gün keçməmiş adam bütün dediklərini təkzib etdi: "Heç vaxt rəhbərlik etdiyim komanda barədə "xaraktersiz” və ya "qorxaq” ifadəsini işlətməmişəm. Bu, mümkün deyil". 

Əslində, italyan mütəxəssisi qınamaq da olmur. Azərbaycan futboluna elə insanlar rəhbərlik edir ki, onların yanında nə yığmadan, nə klublardan baş çıxarmaq asandır. Bunu görməyənlərə kənardan nələrsə asan görünə bilər. O da eyni durumla üzləşib. Yığmaya yeni təyin olunanda indikindən fərqli çox həvəsli görünürdü. Hətta ilk günlərdəki açıqlamalarında komandamızı müxtəlif vasitələrlə izlədiyini, yaxşı potensialımız və millidə oynaya biləcək kifayət qədər futbolçu olduğunu bildirmişdi. Amma yəqin ki, onları nə vaxtsa qorxaq adlandıracağını heç düşünməzdi. İtaliyalı məşqçi Albaniya yığmasından sonra Azərbaycana da böyük ümidlərlə gəlmişdi. Hər halda eyni uğuru təkrarlayacağını, bizi də "ağ günə” çıxaracağını düşünürdü. Lakin yəqin zaman ona da göstərdi ki, Azərbaycanda hər arzu gerçəkləşmir. Bunu gerçəkləşdirmək üçün isə iş görmək, sistemi "yuxarı”dan düzgün qurmaq lazımdır. 

Hə, onun haqlı olub-olmamasına gəlincə… Dediklərini təkzib etməsinə baxmayaraq, onun məhz həmin ifadələri işlətdiyinə inanıram. Ona da inanıram ki, İtaliya mətbuatına açıqlama verərkən emosional olub, millimizin nəticələrini gözünün qarşısına gətirib, nəhayət hisslərini cilovlaya bilməyib və içindəki acı həqiqəti etiraf edib. Nə qədər bu uğursuzluqlarda payı olsa da, De Byazi düz deyib. Yəni söhbət futbol meydanındakı qorxaqlıqdan, özümüzdən reytinq baxımından aşağı olan rəqibə qarşı aqressiyasızlıqdan gedir. O, komandanın oyunlarında görülənləri, ancaq dilə gətirilməyənləri deyib. Sözlərinə görə nə qədər tənqid olunsa da, düzünü, bizim illərlə söylədiklərimizi açıq şəkildə etiraf edib. Hər halda məşqçi heç bir futbolçuya meydanda qorxaq oyun nümayiş etdirməyi tapşırmaz. Taktika, əvəzləmə səhvi edə, gözlənilməz addımlar ata bilər. Ancaq futbolçulara "aqressiyasız oynayın”, "mübarizə aparmayın” deməz. Bəs belədirsə, onu niyə qınayırıq?

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->