Xatirimdədir, Canni De Byazi Azərbaycana gələndə xeyli iddialı idi. Hətta AFFA ilə danışıqlar prosesi gedərkən ölkəmizlə daha yaxından tanış olmaq üçün təyinatından hələ bir neçə ay əvvəl haqqımızda məlumatlar toplamağa başladığını da söyləmişdi. Əlbəttə, Albaniya millisini AVRO-2016-nın qrup mərhələsinə qədər daşımağı bacaran italiyalı mütəxəssis bu uğurunu bizim yığma ilə də təkrarlayacağına böyük ümidlər bəsləyirdi. Elə təyinatından sonra Azərbaycanda da bu arzularını gerçəkləşdirə biləcəyinə böyük inamı olduğunu demişdi.
Hazırda
yığmamızın uğursuzluqlarına görə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovdan
sonra bəlkə də ölkədə haqlı təqnid olunan ikinci şəxs məhz De Byazidir. Əlbəttə, istənilən
komanda uğursuzluq yaşayırsa, tənqid qaçılmazdır. Baş roldasansa, daim təzyiqlərlə
üzləşəcəksən, hər dediyin söz müzakirəyə çıxarılacaq, ictimaiyyət müsbət və ya
mənfi rəylər bildirəcək. Təbii ki, peşəkar məşqçi hansısa komandanı
çalışdırırsa, bütün bunların hamısına hazır olmalıdır. Bəzi özündənrazı, amma
karyerasında ciddi heç nə ilə yadda qalmayan məşqçilərdən fərqli jurnalistlərin
tənqidi suallarına səbrlə, düzgün cavab verməyi də bacarmalıdır. Əslində, De
Byazidə bu kimi məsələlərlə bağlı problem yoxdur. Ən azı mən belə halla rastlaşmamışam.
Hətta onu Azərbaycana gələn əcnəbi məşqçilərin əksəriyyətindən daha mədəni, Azərbaycana
və azərbaycanlılara isti yanaşan, müsbət xarakterli bir insan kimi qələmə verərdim.
Xatirimdədir, millimizə yeni baş məşqçi təyin olunan vaxtlarda sosial şəbəkələrdəki
şəxsi səhifəsi vasitəsilə mentalitetimizə, insanlarımıza daha yaxın olmağa
çalışdığını, yuxarıdan-aşağı baxmadığını daim göstərirdi. Hətta müəyyən siyasi
məsələlərdə də məhz bizə dəstək verdiyini aşkar hiss etdirirdi. Böyük zəfər
qazandığımız 44 günlük vətən müharibəsindən sonra işğaldan azad edilmiş
torpaqlarımıza yollanması, şəhidlərin məzarını ziyarət etməsi onun Azərbaycana hörmətlə
yanaşmasının göstəricisidir. Bəli, bu kimi addımlar onun insan kimi ölkəmizə
qarşı müsbət, hörmətlə yanaşdığından xəbər verir. Amma futbol məsələsinə gəlincə...
Bununla
bağlı müsahibə aldığım mütəxəssislərə, veteran futbolçulara, futbol ictimaiyyətinin
müxtəlif nümayəndələrinə də müəyyən suallar vermişəm. Yuxarıda da qeyd etdim,
De Byazi ölkəmizə gələndə yaxşı işlər görəcəyinə, ən azı millimizi bir səviyyə
yuxarı daşıyacağına böyük inam bəslədiyini açıqlamışdı. Bəzi iddiaları vardı. Cəmi 1 ildən sonra isə nədənsə fikirləri dəyişdi. Məsələn, yeni gələndə
millimizin yaxşı potensialı olduğunu, ümumiyyətlə kifayət qədər yığmada oynaya
biləcək futbolçuların varlığını da dilə gətirirdi. Ancaq zaman keçdi, heyətdə azərbaycanlı
olmayan, milliləşdirilmiş, müxtəlif ölkələrdən, xüsusən də İrandan gəlmiş keyfiyyətsiz,
faydasız futbolçular görməyə başladıq. Onların milliyə soxuşdurulması ilə
yanaşı, italyan məşqçinin iddialı fikirlərinin də dəyişdiyinə şahidlik etdik. Güman
ki, potensialımızla yaxından tanış olandan və meydandan kənarda hansısa "oyunların”
getdiyini görəndən sonra başqa səmtə istiqamətlənməyə qərar verdi. Sadəcə,
müqaviləyə əsasən ölkədə qalıb işini davam etdirmək, oyunları da yola vermək səmtini
nəzərdə tuturam. Bəli, ölkəmizə daha yüksək fikirlərlə gələn, sonradan fərqli
istiqamətlənən məşqçilərin sırasına De Byazi də qoşulub. Yaxşı məşqçi ola bilər,
amma indidən sonra onun millimizə heç nə verə bilməyəcəyini artıq hər kəs hiss
etməyə başlayıb. Elə onu millimizə təyin edənlər də bunu yaxşı anlayır...
Yaxın
illərdə nəticə olmayacaq. Bu ifadələri hələ De Byazi millimizə yeni təyin
olunanda köşə yazılarımın birində bildirmişdim. Yenə də tarix təkrarlanır desəm
yanılmaram. Əcnəbi məşqçi gəlir, bir-iki tsikl komandanı oynadır, nəticə
vermir, əvəzində pulunu cibinə qoyub gedir. AFFA-da oturanlar da beləliklə büdcəni,
xeyli miqdarda pulu havaya sovurmuş olurlar. Təbii ki, burada De Byazinin
günahı yoxdur. Əsas günahkarlar nəticə olmayacağını bilə-bilə millimizə əcnəbi
baş məşqçi təyin edənlərdədir. Qrupda sonuncu pilləni tutmağı istənilən yerli məşqçi,
özü də daha az məvaciblə "bacarar”. De Byazi millimizdəki postunu indi tərk etmək
qərarı versə, məncə, daha hörmətlə yola salınmış olar. Yox, məsələn, Berti
Foqts kimi sırtıqlıq edib uzun müddət baş məşqçi postunda qalmaq istəsə, o
zaman ünvanına təhqirlər də söyləməkdən çəkinməyənlər tapılacaq. Ona görə də ən
yaxşısı elə üzüsulu getməkdir...
Səbuhi Həsənov
Şərhlər