Səbuhi Həsənov
Ötən tur Birinci Divizionda baş tutan "Turan Tovuz” - "Kəpəz” matçı çox gərgin və maraqlı keçdi. Həm də "bolqollu" desək, yanılmarıq. Çünki gəncəlilərin 2:3 hesabı ilə məğlub olduğu qarşılşamada 5 qol qeydə alındı və bunun azarkeşlərə zövq verdiyinə əminəm. Ümumiyyətlə, əzəldən bəri sözügedən komandaların "Qərb derbisi” adlandırılan qarşılaşmaları həmişə maraqlı və gərgin keçib. Azərbaycanın ən köklü klublarından olan "Kəpəz”lə "Turan Tovuz” hazırda daha aşağı səviyyəli çempionatda çıxış etmələrinə baxmayaraq, yenə prinsipial rəqib sayılırlar. Bu prinsipiallıq isə xüsusən tribunalarda, azarkeşlərin münasibətlərində daha aydın hiss olunur. Tərəflər bir-birilərini qıcıqlandırmağa, açdıqları pankartlarla komandalara təsir etməyə və oyunu bir qədər də gərginləşdirməyə çalışırlar. Ki, bu, bütün rəqiblərin fanatları arasında baş verən normal haldır.
Əslində, bu cür oyunlarda çox maraqlı hadisələr də baş verir. Ancaq pankartları xüsusi olaraq vurğulamağımın səbəbləri var. Məsələ burasındadır ki, Tovuzda baş tutan görüşdə Gəncə klubunun azarkeşləri pankart açmaq istəsələr də, stadiondakı təhlükəsizlik işçiləri, yəni, polislər imkan verməyib. Hansı ki, tribunada açılması planlaşdırılan şəkillərdən ikisi 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə aid idi (aşağıdakı fotoda). Ancaq azarkeşlər qadağa ilə üzləşiblər. Səbəb soruşanda isə "AFFA tapşırıq verib” - cavabını alıblar. Açığı, bununla bağlı "Kəpəz”in azarkeşləri redaksiyamıza zəng vurub narazılıqlarını bildirəndə xeyli təəccübləndim. Necə yəni, AFFA-dakıların ürəyi bu qədər daşalşıb ki, şəhid pankartının açılmasına belə icazə verilmir? Axı niyə, burda qəbahətli nə var? Təbii ki, məsələ ilə bağlı dərhal elə qurumun oyuna göndərdiyi rəsmi nümayəndənin - Bəhram Qurbanovun fikirlərini öyrəndim. O isə şəxsən mənə dedi ki, pankartla bağlı azarkeşlərə qadağa qoyulmayıb və polislər də heç bir müdaxilə etməyib. Qurbanovun sözlərini bir də xatırlayaq: "Yalan danışırlar. Onlara heç kim müdaxilə etmədi. Oyunda cəmi bir dənə - Yaşar ("Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə - red.) haqqında pankart açmışdılar. Polislərə şəxsən özüm tapşırmışdım ki, azarkeşlərə mane olmasınlar. Oyun boyu "istefa, istefa" qışqırırdılar. Elə şey ola bilər ki, pankart açmaq istəsinlər, amma onlara icazə verməyək? Yalandır, şəhidlər haqqında pankartın açılmasına icazə verməməyimiz mümkün deyil. Şəhidlərə başımız qurbandır…”
Əslində, Qurbanovun bəzi sözlərində həqiqət payı olduğunu bildirməliyəm. Sevimli komandalarının nəticələrindən narazı qalan gəncəli azarkeşlər baş məşqçi Yaşar Vahabzadəni istefaya səsləyirdi. Hətta üzərində "Nəticələriniz gözümüzü YAŞARdır” sözü yazılmış pankart açmışdılar (aşğıdakı fotoda). Təbii ki, nəticələrə görə, bu cür, sivil şəkildə edilən etiraz dünyanın hər yerində normal qarşılanır. Təkcə Azərbaycandan başqa. Çünki AFFA-nın İntizam Komitəsinin son iclasında məhz bu pankarta görə "Kəpəz”in 160 manat cərimə olunması haqda qərar çıxarıldı. Rəsmi qərar belədir: "13.04.2022-ci il tarixində I Divizionun XXI turunun "Turan Tovuz” – "Kəpəz” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunur (maddə 41.9)”. Bəli, məhz İCAZƏSİZ! Niyə? Hansı əsasla? Həmin pankartda cəriməlik nə yazılıb axı?
Ən gülməlisi bilirsiniz nədir? AFFA öz nümayəndəsinə tapşırır ki, oyunda azarkeşlərə maneçilik törədilməsin (Qurbanovun bizə verdiyi izaha əsasən deyirəm). Ancaq İntizam Komitəsinin iclasında məhz pankartın "İCAZƏSİZ” açıldığı əsas gətirilir və klub cərimələnir. Söz yox, "Kəpəz”ə onsuz da AFFA himayədarlıq edir və həmin 160 manatı bir cibdən çıxarıb, digərinə salacaq. Sadəcə, belə çıxır ki, ya AFFA öz rəsmi nümayəndəsi ilə məzələnib, ya da onun vasitəsilə futbol ictimaiyyətini aldatmağa çalışıb. Üçüncü ehtimal da odur ki, həqiqətən azarkeşlərin heç bir pankart açmasına icazə verilməyib və asayiş keşikçilərinin qarşısına bununla bağlı ciddi şəkildə tapşırıq qoyulub. Hətta şəhid şəkli olsa da. Belədə isə saytımıza açıqlama verən nümayəndə özü yalançı olur…
Nədənsə üçüncü ehtimal daha inandırıcı gəldi. Çünki son vaxtlar "Kəpəz” azarkeşlərinin nəticələrdən narazı qaldığı və məhz AFFA tərəfindən komandaya baş məşqçi təyin olunan Vahabzadəni istəmədikləri aşkardır. "Kəpəz"sevərlər demək olar hər dəfə tribunalardan bunu ölkənin ali futbol qurumunun kabinetlərindəki təkərli kreslolarda yellənənlərin nəzərinə çatdırır. Hətta sosial şəbəkə vasitəsilə xəbərdarlıq da ediblər. Belədə mümkün təzyiqlərə qarşı əvvəlcədən hansısa tədbir görülməsi planı daha cəlbedicidir. O da çox güman icazə məsələsi idi.
İndi suallar yaranır. Niyə o boyda qurum futbolumuzda həll olunması daha vacib problemləri qoyub, belə xırda işlərlə məşğuldur? Tovuzda açılan pankart niyə belə xətirlərinə dəyib? Yaxud, nə üçün azarkeşlərin normal pankart açmasına İCAZƏ verilməməlidir? Suallar çox, cavab isə yox…
Şərhlər