Xəbər lenti

Sənət 12:25 24.03.2022

Bakı Fəlsəfə Akademiyasının “pulsuz kitab” kampaniyası davam edir

Bir qrup gənc tədqiqatçı tərəfindən yaradılan və fəlsəfə istiqamətində fəaliyyət göstərən Bakı Fəlsəfə Akademiyası yeni tərcümə kitabını təqdim edib. 

Qaynarinfo xəbər verir ki, ingilis tədqiqatçısı Pol Straternin müəllifi olduğu "90 dəqiqdə Şopenhauer” kitabı Bakı Fəlsəfə Akademiyasının sayca 7-ci tərcüməsidir. "90 dəqiqədə fəlsəfə” layihəsi çərçivəsində tərcümə edilən kitab məşhur alman filosofu Artur Şopenhauerin həyat və yaradıcılığına həsr olunub. 

Kitabda Artur Şopenhauerin şəxsi həyatı və fəlsəfi irsi haqqında bilinməyən faktlar, o cümlədən əsərlərindən seçilmiş hissələrə yer verilib. Bakı Dövlət Universitetinin fəlsəfə tarixi üzrə doktorantı Araz Əliyev tərəfindən tərcümə olunan əsər, sadə dili və yumoristik təsvirləri ilə oxucuların marağına səbəb olub.

Diqqət çəkən məqam isə Bakı Fəlsəfə Akademiyasının əvvəlki tərcümə kitabları ilə yanaşı bu kitabı da tam təmənnasız və elektron şəkildə oxuculara təqdim etməsi olub. Akademiyanın üzvlərindən olan Aqşin Aşurovun sözlərinə görə, bu addımı seçmələrində əsas məqsəd daha çox insan üçün fəlsəfi ədəbiyyatlara çıxış imkanı təmin etməkdir. Akademiyanın şüarının "hər kəs üçün fəlsəfə” olduğunu xatırladan Aqşin Aşurov, xüsusilə pandemiya dövründə oxucuların rahatlığını düşündüklərini, lakin gələcəkdə əsərlərin çap ehtimalının da mümkünlüyünü bildirib. O, Akademiyanın tərcümə fəaliyyətlərini davam etdirdiyini və yaxın zamanlarda oxucuları yeni tərcümələrlə sevindirəcəklərini də əlavə edib.

Xatırladaq ki, gənclər daha öncə də eyni seriyadan Sokrat, Platon, Aristotel, Konfutsi və Nitsşe haqqındakı əsərləri və fransız tədqiqatçı Pyer Lasserin "Nitsşe və Musiqi” əsərinin tərcüməsini tamamlayıb. Digər filosoflara həsr olunmuş əsərlərin tərcüməsi isə davam edir. Silsilə tərcümələr həyata keçirən Bakı Fəlsəfə Akademiyasının əsas məqsədi fəlsəfə sahəsində azərbaycandilli məbələrin sayını artırmaq və oxucular üçün vahid baza formalaşdırmaqdır.

Qeyd edək ki, Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.

Akademiya 2020-ci ilin aprelindən etibarən fəaliyyət göstərir və bu vaxtadək bir sıra uğurlara imza atıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->