(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)
Azərbaycanın minilliklərə söykənən dövlətçilik tarixi, zəngin milli-mənəvi dəyərləri, elm və mədəniyyəti xalqımızın kimliyini müəyyənləşdirən əsas amillərdəndir. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz əsrlər boyu formalaşdırdığı bu zəngin irsi qorumaqla yanaşı, onun dünya miqyasında tanıdılması istiqamətində də ardıcıl fəaliyyət göstərir.
Politoloq Tural İsmayılov Qaynarinfo-ya müsahibəsində bildirib ki, son illər milli-mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirilən dövlət proqramları, eləcə də müxtəlif layihələr mühüm nəticələr verib. O vurğulayıb ki, milli-mənəvi irsin qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olaraq qalır:
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam, xalçaçılıq, aşıq sənəti, kəlağayı və Novruz bayramı kimi milli dəyərlərimizin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Şuşada Xarıbülbül Beynəlxalq Folklor Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi, tarixi-mədəni abidələrin bərpası bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində təşkil olunan Azərbaycan mədəniyyəti günləri ölkəmizin mədəniyyətinin tanıdılmasına və sivilizasiyalararası dialoqun inkişafına xidmət edir. Bütün bunlar cəmiyyətdə milli dəyərlərə bağlılığın güclənməsinə də təsir göstərir".
Politoloq hesab edir ki, qloballaşma və rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə milli adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində yeni yanaşmaların tətbiqi zəruridir. Onun sözlərinə görə, gənclərlə onların daha çox istifadə etdiyi platformalar üzərindən ünsiyyət qurmaq bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanın zəngin mifologiyası, dastanları, o cümlədən "Kitabi-Dədə Qorqud" motivləri əsasında kompüter oyunları, mobil tətbiqlər və animasiya layihələri hazırlanmalıdır. Sosial şəbəkələrdə milli geyimlər, xalq sənəti nümunələri və regional mətbəx ənənələri müasir təqdimat formatında geniş auditoriyaya çatdırıla bilər".
Tural İsmayılov təhsil sahəsində də interaktiv yanaşmaların genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, məktəblilərin muzeylərə, xalçaçılıq, misgərlik və dulusçuluq emalatxanalarına mütəmadi səfərlərinin təşkili onların milli irsə marağının artmasına töhfə verə bilər:
"Milli elementlərin gündəlik həyatda istifadəsi də təşviq olunmalıdır. Müasir geyimlərdə buta, kəlağayı və xalça naxışlarından istifadənin genişləndirilməsi, milli suvenirlərin daha funksional və müasir formada istehsalı bu istiqamətdə mühüm rol oynaya bilər".
Ekspertin sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Tural İsmayılov hesab edir ki, nənə-babaların xalq yaddaşını, nağılları, atalar sözlərini və adət-ənənələri gənc nəslə ötürməsini təşviq edən televiziya və sosial media layihələrinin artırılmasına ehtiyac var. Politoloqun fikrincə, milli irsin qorunması istiqamətində atılan addımlar Azərbaycanın tarixi və mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
"Bu irs təkcə keçmişimizin deyil, həm də gələcəyimizin mühüm dayaqlarından biridir. Onun qorunması və yaşadılması cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər