NATO-nun Baltikyanı dənizinə çıxışı olan səkkiz üzv dövləti, sualtı infrastruktura ziyan vurulması ilə bağlı şübhəli hallara cavab tədbirlərini özündə birləşdirən fəaliyyət planını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə 14 yanvar tarixində Helsinkidə keçirilmiş sammitin yekunlarına dair birgə bəyanatda
deyilir.
Bəyanatı Finlandiyanın prezidenti Aleksandr Stub, Estoniyanın baş naziri Kristen Mixal, Danimarkanın baş naziri Mette Frederiksen, Almaniyanın kansleri Olaf Şolts, Latviyanın prezidenti Edqars Rinkeviçs, Litvanın prezidenti Gitanas Nauseda, Polşanın baş naziri Donald Tusk və İsveçin baş naziri Ulf Kristersson razılaşdırıblar.
Liderlər sualtı infrastrukturla bağlı insidentlərin, istər səhlənkarlıq, istərsə də qəsdən törədilən zərərli fəaliyyətlərin ciddi narahatlıq doğurduğunu bildiriblər.
"Biz istənilən diversiya cəhdlərini önləməyə, müəyyənləşdirməyə və qarşısını almağa qərarlıyıq. İnfrastrukturumuza qarşı hər hansı bir hücum sərt və qətiyyətli cavabla üzləşəcək. Biz düşmənçilik hərəkətləri törədən zərərli subyektləri məsuliyyətə cəlb etməkdə qətiyyətliyik", – deyə bəyanatda vurğulanıb.
Liderlər NATO-nun yeni "Baltik Müşahidəçisi" missiyasının işə salınmasını məmnuniyyətlə qarşılayıblar. Bu missiya vəziyyəti monitorinq etmək və potensial düşmən hərəkətlərini önləmək məqsədi daşıyır.
"Biz NATO çərçivəsində innovativ həllərin tətbiqi, yeni texnologiyaların işlənməsi, şübhəli gəmilərin izlənməsi və sualtı monitorinq üçün işlər aparacağıq. Bu, infrastruktur operatorları və qabaqcıl texnologiya şirkətləri ilə geniş əməkdaşlığı özündə birləşdirəcək", – deyə bəyanatda qeyd olunub.
Başqa bir istiqamət olaraq, şəbəkələrin dayanıqlığının artırılması və zədələnmələr baş verərsə, onların sürətlə aradan qaldırılması işinə diqqət yetiriləcək. Bu işin əlaqələndirilməsi üçün Kritik İnfrastrukturun Qorunması üzrə Anlaşma Memorandumu hazırlanacaq.
"Biz beynəlxalq dəniz hüququ və gəmiçilik azadlığı prinsiplərinə uyğun olaraq, kritik sualtı infrastrukturun qəsdən zədələnməsi və ya məsuliyyətsiz davranışların qarşısını almaq və effektiv cavab tədbirləri görmək üçün əlavə tədbirlər müəyyənləşdirəcəyik. Həmçinin məsuliyyətə cəlbetmə işini davam etdirəcəyik", – liderlər bəyan ediblər.
Onlar ayrıca, "qiymət tavanı"na əməl etmədən Rusiya neftini daşıyan "kölgə donanması" adlanan Rusiyaya məxsus tankerlərin yaratdığı təhdidi qeyd ediblər.
"Biz bu təhdidlərə sərt şəkildə cavab veririk. Beynəlxalq hüquq çərçivəsində, təhlükəsizlik, infrastruktur və ətraf mühit üçün təhdid yaradan, sanksiyaları pozaraq hərəkət edən istənilən şübhəli gəmilərə qarşı tədbirlər görmək hüququnu özümüzdə saxlayırıq", – deyə liderlər bildiriblər.
Xatırladaq ki, liderlər Helsinkidə Baltikyanı dənizdə sualtı infrastrukturun zədələnməsi insidentləri və Rusiya neftini daşıyan "kölgə donanmasının" yaratdığı təhdidləri müzakirə etmək üçün görüş keçiriblər.
Finlandiya və İsveç artıq müttəfiqlərin birgə tədbirlərinə öz gəmilərini təqdim edəcəklərini elan edib, Almaniyanın kansleri də bu istiqamətdə hazır olduğunu bildirib.
Alpər
Şərhlər