Azərbaycanda bank kartlarına qarşı edilən dələduzluq hallarının sayı artır.
Qaynarinfo xəbər ki, bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb.
Məlumata görə, təkçə şənbə və bazar günləri 27 bank kartından pul çıxarılıb. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus kartlardan 4120 avro, 1950 manat, 500 manat, 900 manat, 50 manat, 8400 manat, 2500 manat, 231 dollar, 306 manat, 10 manat, 142 manat, 250 manat, 1200 manat, 140 manat, 199 manat, 970 manat, 9582 manat, 120 manat, 1550 manat, 224 manat, 1940 manat, 100 manat, 2300 manat, 95 manat, 4035 manat, 1200 manat, 180 manat pul vəsaitlərini onlayn qaydada başqa-başqa xarici hesablara köçürülməklə naməlum şəxslər tərəfindən oğurlanıb.
Hər bir fakt kart sahibinin ehtiyatsızlığından, şəxsi məlumatları tanımadığı şəxsə ötürməsindən və hansısa bahalı əşyanı ucuz qiymətə almaq niyyətindən baş verib. Belə olan halda əhalinin bank kartlarına etibarı azalır.
Əmanətlərin bank kartlarında qorunması istiqamətində banklar tərəfindən hansı addımlar atılmalıdır?
Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bunun başlıca səbəbi vətəndaşların bank kartlarının kodunu başqalarına verməsidir:
"Kart məlumatları heç kəsə verilməməlidir. Zəng edirlər, kart məlumatlarınızı rahatca verirsiniz. Kim olur-olsun, bank kartlarının məlumatlarını heç kəsə vermək olmaz".
Əkrəm Həsənov problemdən çıxış yolunu şübhəli əməliyyatlar aparan şəxslərə qarşı banklar tərəfindən "stop" qoyulmasında görür:
"Burada məsələnin iki tərəfi var, biri təhlükəsizlik, ikincisi müştəri məmnuniyyəti və rahatlığıdır. Burada bir optimal balans olmalıdır. Banklar nə etməlidir? Əslində, bankların çoxunda bu sistem var. Eyni gündə və eyni müştəridən çoxlu sayda əməliyyatlar olunur. Bunlar şübhəli əməliyyatlar sayılıb, belə şəxslərə banklar "stop" qoymalıdır. Bütün banklar bu sistemi etməlidir. Eyni zamanda vətəndaşlar arasında böyük maariflənmə işləri aparılmalıdır".
Bahar Rüstəmli
Şərhlər