Macarıstanın Baş naziri Viktor Orban çərşənbə günü parlament iclası başlamazdan əvvəl rəhbərlik etdiyi "Fides” partiyasının nümayəndələri ilə qapalı görüş keçirib və orada Ukraynadakı müharibə ilə bağlı ittiham və tənqidlərlə dolu çıxış edib.
Qaynarinfo xəbər verir ki, Orbanın çıxışının məzmunu hökumətyönlü "Magyar Nemzet” nəşrinə məlum
olub.
Macarıstan baş nazirinin çıxışının böyük hissəsi Ukraynadakı müharibəyə həsr edilib. Əsas tezis ondan ibarət olub ki, Budapeşt bununla bağlı siyasətini dəyişməməlidir, yəni "Bayden və Brüssel administrasiyalarına qarşı sülh tərəfdarı mövqeyini müdafiə etməlidir”.
Orban ayrıca üç qrupa ayırdığı Macarıstanın düşmənlərini sadalayıb. Birincisi, müharibə tərəfdarı olan maraq qrupları: ABŞ prezidenti Co Bayden və onun administrasiyası, "Brüssel bürokratları və müharibə tərəfdarı olan siyasətçilər”.
İkinci qrup "müharibə dövründən qazanc əldə etməyə çalışan beynəlxalq möhtəkirlər", xüsusən də "uzun illər əvvəl "Mərkəzi Avropa ölkələri Rusiyaya qarşı müharibədə etibarlı tərəfə çevrilməlidir, çünki onlar müharibənin gətirdiyi insan qiymətinə Qərbdən daha dözümlüdürlər” yazan Corc Soros”.
Macarıstanın düşmənlərinin üçüncü qrupu isə, "funt sterlinqə alınmış” keçmiş baş nazir Ferents Dürçan kimi "dollarlı solçular”.
Orbanın çıxışının bir hissəsi ona həsr olunub ki, son bir ildə Bayden administrasiyası ucbatından "Avropa zəifləyib”, Rusiya isə nüvə dövləti kimi uduza bilməz, amma qalib də gələ bilmir, çünki "bütün Qərb dünyası Ukraynanın arxasında durub”.
Nizami Bağırov
Şərhlər