Dünya 16:56 20.02.2023

Baydenin Kiyevdən verdiyi mesaj - Putin çıxılmaz durumdadır (ŞƏRH)

"Baydenin Kiyev səfəri çox ciddi dəstək və mühüm siyasi hadisədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Co Baydenin gözlənilmədən Ukraynaya səfər etməsini şərh edərkən deyib. Politoloq bildirib ki, ABŞ sonadək Ukraynaya dəstək verəcək:
 
"Bu səfər əvvəlcədən bəlli olsaydı, dünyanın yeganə hegomon dövləti olan ABŞ prezidentinə qarşı istənilən sui-qəsd törədilə bilərdi. Məhz, təhlükəsizlik baxımından Baydenin Kiyev səfərilə bağlı informasiya əvvəlcədən ictimailəşdirilməyib. 



Səfər o anlama gəlir ki, ABŞ sonadək Ukraynaya dəstək verəcək və Rusiya işğal etdiyi əraziləri tərk edənə qədər bu siyasətindən geri çəkilməyəcək. Həmin səfər digər Qərb ölkələri üçün də ciddi mesaj xarakteri daşıyacaq və anti-Rusiya koalisiyasına yeni ruh verəcək. Bununla da anti-Rusiya koalisiyasında iştirak edərək, indiyə qədər Ukraynaya gəlməyən ölkə rəhbərləri də artıq Kiyevi ziyarət etməyə başlayacaq”. 

Qeyd edək ki, Polşaya səfər edəcəyi deyilsə də, ABŞ prezidenti Co Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. Ağ Ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb. Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb. Hazırda Baydenlə Ukrayna lideri arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir. 
 
Rüfət Sultan